Kolumbiya qəzeti Azərbaycanın Cənubi Qafqazda geosiyasi və iqtisadi mövqeyindən, Vətən müharibəsindən yazıb
Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında Cənubi Qafqaz regionundakı geosiyasi durum, bu xüsusda, 44 günlük müharibənin nəticələri, eləcə də ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələr, Latın Amerikası regionu və Kolumbiya ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələri barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın coğrafi mövqeyi, dövlət sərhədləri və qonşu Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüz barədə məlumat verilir, 44 günlük müharibə nəticəsində işğal altındakı ərazilərini azad etdiyi bildirilir, əldə olunmuş atəşkəs razılaşması haqqında danışılır.
Azərbaycan ərazisində yaradılmış azad iqtisadi zona və digər əlverişli biznes imkanları, ölkəmizin həyata keçirdiyi TAP, TANAP kimi irimiqyaslı layihələr və Kolumbiya ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edilir.
Azərbaycanın Kolumbiya və ümumilikdə Latın Amerikası regionu ilə əlaqələrə xüsusi önəm verdiyi bildirilir, Kolumbiya tərəfi ilə bu günədək həyata keçirilmiş layihələr, bu xüsusda kolumbiyalı mütəxəssislər tərəfindən azərbaycanlı diplomatlara ispan dilinin tədris edilməsi, habelə ölkəmizin 20-yə yaxın ali təhsil ocağında Qoşulmama Hərəkatının üzvü olaraq kolumbiyalı tələbələr üçün tam təqaüdlü proqramlar əsasında yaradılmış təhsil imkanları barədə məlumat verilir.