Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində dost və işgüzar əlaqələr daha da dərinləşir
Aprelin 8-də Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
Bu barədə 1news.az-a Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər.
Ali Məhkəmənin sədri Ramiz Rzayev səfirə diplomatik fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də dost və işgüzar əlaqələrin daha da dərinləşməsində oynadığı mühüm rola görə təşəkkür edib.
Ali Məhkəmənin sədri Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyə xalqına, Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib, bunun ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.
Səfir iki dost və qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək, diplomatik fəaliyyəti müddətində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, doğma Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətlə inkişaf etdiyi, ikitərəfli münasibətlərin regionda sülhün və inkişafın təmin olunmasına töhfə verdiyi vurğulanıb.
Sonda Ali Məhkəmənin sədri səfir Erkan Özorala gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.