İƏT – Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

İƏT – Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub – TƏHLİL

17:40 - 09 / 04 / 2021
İƏT – Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub – TƏHLİL

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

Düşmən sadəcə insanları cismani məhv etməklə kifayətlənməyib, tarixi abidələrimizi darmadağın edib və bir çox abidələri, qədim yaşayış məskənlərimizi öz adlarına çıxmaqla milli irsimizə ağır zərbələr vurub.

İşğal dövründə ermənilər həmin ərazilərdə şəhərləri, kəndləri, mədəni-tarixi və dini məkanları dağıdıblar. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Erməni vandalizmi Azərbaycan və İslam irsini Azərbaycanın tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət olub.

Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub.

İkinci Qarabağ müharibəsi zamanı müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsindən sonra erməni vandalların Qarabağdakı cinayətlərinin miqyasının necə böyük olduğunun şahidi olduq.

Təəssüf ki, bu günə qədər bir çox beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal altında qalmasına ya göz yumublar, ya da sadəcə hansısa sənəd, qətnamə qəbul etməklə kifayətləniblər. Lakin Azərbaycanın haqlı mübarizəsinə dəstək verən təşkilatlar da var. Onlardan biri də Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).

Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayıb, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edib, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırıb. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırıb.

Aprelin 6-da İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri sözügedən təşkilatın ölkəmizə növbəti dəstəyi kimi də qiymətləndirilə bilər. Səfər zamanı işğaldan azad edilmiş ərazilərdə erməni vandallarının törətdiyi dağıntılardan, cinyətləri öz gözləri ilə görən İƏT Təmas Qrupunun nümayəndələri Ermənistan rəhbərliyini kəskin tənqid etməklə yanaşı Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin İKT ilə əməkdaşlığı daha da gücləndirilib. 2004-cü ildə İslam Konfransı Təşkilatının Gənclər Forumunun təsis yığıncağı Azərbaycanda keçirilib.

Erməni təbliğatına baxmayaraq İKT Dağlıq Qarabağ münaqişəsində Ermənistanı ittiham edən addımlarını davam etdirib. 2006-cı ilin yayında İKT Xarici İşlər Nazirlərinin Bakı görüşündə, 2006-cı ilin dekabrında Dağlıq Qarabağ separatçı rejiminin keçirdiyi qanunsuz seçkilərlə bağlı təşkilat Azərbaycanı müdafiə edən bəyanatlar verib.

Təşkilat həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.

Bu gün Azərbayan İƏT-in ən fəal üzvlərindən biridir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

İƏT-lə Azərbaycan arasında münasibətlər Prezident İlham Əliyev aprelin 8-də təşkilatın Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edən zaman da geniş müzakirə olunub. Yusif bin Əhməd əl-Osaymini “Dostluq” ordeni ilə təltif edən Prezident İlham Əliyev ona İkinci Qarabağ müharibəsinin nəticələri barədə məlumat verib.

Münaqişənin birtərəfli qaydada həll olunduğunu deyən dövlət başçısı bildirib ki, 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu:

“İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik”.

Ermənistanın minaların xəritəsini verməməsinə diqqət çəkən İlham Əliyev bunun daha bir müharibə cinayəti olduğunu vurğulayıb:

“Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım”.

Bakıya səfərindən məmnunluğunu dilə gətirən Baş katib Yusif bin Əhməd əl-Osaymin hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yeniliyin və inkişafın şahidi olduğunu söyləyib.

İkini Qarabağ müharibəsində əldə edilən qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Baş katib İƏT-in hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb:

“Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu”.

1news.az

Paylaş:
553

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər