ATƏT-in Minsk Qrupunun sabiq həmsədrinin dəbdəbəli həyat və əhəmiyyətli uğurların olmaması barədə etirafı – FOTO
İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra ortaya belə bir sual çıxdı: uzun illər boyu münaqişənin diplomatik yolla həll edilməsi ilə səmərəsizcəsinə məşğul olmuş ATƏT-in Minsk Qrupu hazırda hansı rolda çıxış edəcək və ümumiyyətlə, hansısa rolda çıxış edə bilərmi?
1news.az “Вестник Кавказа” saytına istinadən məlumat verir ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın “The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsi buna həsr olunmuşdur. Məqalədə həmsədrlər üçün bəzi ürəyaçan olmayan faktlar açıqlanmış, pərdəarxası siyasi əhval-ruhiyyə barədə məlumatlar verilmişdir.
Məsələn, məqalədə deyilir ki, təxminən 30 il ərzində erməni işğalı altında olan ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnmiş müharibə başa çatdı. Minsk qrupunun gələcəyi ilə bağlı suala tərəflərin cavabları fərqlidir.
R.Hoqland xüsusilə qeyd edib ki, ABŞ Dövlət Departamentində 30 illik fəaliyyətindən sonra təqaüdə çıxdıqda ondan 2017-ci ilin yanvar-sentyabr ayları aralığı üçün ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri kimi işə qayıtmağı xahiş etdilər, baxmayaraq ki, o heç vaxt nə Ermənistanda, nə də Azərbaycanda diplomat kimi fəaliyyət göstərməmişdi.
“Düzü, mənə ABŞ-dan olan müvəqqəti həmsədr olmağı təklif etdikdə, bir qədər tərəddüd etdim, çünki Dövlət Departamentində bu vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Düzünü desəm, bu vəzifəni adətən, uzun müddət vəd edilmiş səfir vəzifəsini gözləyən və ya təqaüdə çıxanadək işləməli olan diplomatlar tuturdu. Buna baxmayaraq, daha əvvəl az diqqət ayırdığım məsələ ilə yerində tanış olmaq və Dağlıq Qarabağa getmək imkanı məndə maraq oyatdı. Buna görə də dedim ki, “Məni yazın!”, - deyə Hoqland qeyd edir.
Amerikalı diplomat həmin vaxtları məmnuniyyətlə xatırlayır və etiraf edir ki, uğurlar iynə ucu qədər olsa da, həmsədr həyatı dəbdəbəli idi:
“Məsələdə maraqlı olan hökumətləri işimiz və Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün biz bəzən Moskvaya, Brüsselə və digər paytaxt şəhərlərinə səfərlər edirdik. Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik.
“Həmsədr həmkarlarımla İrəvan və Bakıya etdiyimiz çoxsaylı səfərlər zamanı belə nəticə gəlmişdim ki, Dağlıq Qarabağ münaqişəsini yalnız müharibə birdəfəlik həll edə bilər. Buna baxmayaraq, bu nəzər nöqtəsini heç vaxt açıq şəkildə ifadə etmirdim. Amma yenə də biz – həmsədrlər bu fikirdə idik”, - deyə diplomat vurğulayır.
ABŞ nümayəndəsi Dağlıq Qarabağ məsələsini tam və birdəfəlik həll etmək üçün rəsmi Moskvanın istənilən digər böyük dövlətdən və ya beynəlxalq təşkilatdan daha yaxşı vəziyyətdə olmasını aşkar təəssüf hissi ilə qeyd edir.
“Bu şəraitdə ATƏT-in Minsk qrupunun hər hansı rolu qalıb? Rəsmi İrəvan “Hə”, rəsmi Bakı “Yox” deyir. Yəqin ki, ATƏT-in Minsk qrupunun statusu bundan sonra da qeyri-müəyyən olaraq qalacaq. Lakin yaradıcı yanaşma olarsa, ATƏT və Minsk qrupunun özü bu rola yenidən baxa bilərlər.
Məsələn, ATƏT özünün təsdiq olunmuş mandatına dağıdılmış ərazilərin bərpasında iştirakı da əlavə edə bilər. Faktiki olaraq, həm rəsmi Bakı, həm də rəsmi İrəvan artıq etiraf ediblər ki, hazırda infrastrukturun təmiri və gələcək tikintisi, o cümlədən yeni yolların salınması, həmçinin regionun daxilində və xaricində əlaqələrin qurulması imkanı mövcuddur.
Minsk qrupu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin ATƏT-ə üzv ölkələr tərəfindən maliyyələşməni təşkil edə və əlaqələndirə, Dağlıq Qarabağın keçmiş hərbi əməliyyatlar zonasında, böyük ölçüdə isə, Cənubi Qafqaz regionunda sürətli inkişafın təmin edilməsi ilə bağlı baş planın hazırlanmasında və maliyyələşdirilməsində köməklik edə bilər.
Bu elə də asan iş deyil...Lakin əgər Minsk qrupu öz missiyasını yenidən nəzərdən keçirməsə, təəssüf ki, beynəlxalq diplomatiyanın intriqa yaradan ucqar nöqtəsi olaraq qalmaqda davam edəcək”, - Riçard Hoqland qeyd edib.
Məqalənin tam versiyası ilə bu keçiddən tanış ola bilərsiniz.
Mövzu ilə əlaqədar oxuyun:
Azay Quliyev: “Minsk üçlüyü heç nə olmamış kimi davranaraq Ermənistanın sözçüsü qismində çıxış edir”