“Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil”- Sevinc Fətəliyeva
“ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev mühüm məsələlərə toxundu. Konfransda dövlətimizin başçısı əsasən İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, münaqişənin həllində ölkəmiz hər zaman konstruktiv mövqe nümayiş etdirib. Ancaq Ermənistan hökumətinin bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində olmadığını görən Azərbaycan yay aylarında törədilən hərbi təxribatlardan sonra adekvat cavab verməyə məcbur qaldı. Əslində, ermənilərin işğal etdiyi ərazilərimizdə qurduğu istehkamlar onlar həmin torpaqları geri qaytarmaq fikrində olmadığını təsdiqləyir. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti sadəcə danışıqların imitasiyası ilə məşğul olub. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan o dövrdəki Azərbaycan deyil və biz müharibədə bunu sübut etdik.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcədə beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Onun sözlərinə görə, sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanla əməkdaşlıq körpülərin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir.
“Regionun inkişafı strateji prioritetdir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var. Bir sözlə, regional inkişaf baxımından yeni imkanlar yaranıb və biz bu imkanları dəyərləndiririk”,-deyə S.Fətəliyeva vurğulayıb.
1news.az