Erməni işğalçılarının dəbilqələri və [zəif] yaddaş haqqında | 1news.az | Xəbərlər
Siyasət

Erməni işğalçılarının dəbilqələri və [zəif] yaddaş haqqında

11:19 - 23 / 04 / 2021
Erməni işğalçılarının dəbilqələri və [zəif] yaddaş haqqında

Müəllif: Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev

Artıq bir neçə gündür ki, sözdə "liberal" Azərbaycan icmaları Bakıda Hərbi Qənimətlər Parkının açılması ilə bağlı öz narazılıqlarını bildirirlər.

Bütün bunlar sosial şəbəkələrdə bizim ünvanımıza yazılan və səsləndirilən lənət dolu fikir və paylaşımlarla, erməni seqmentində analoji "ağlaşma"nın fonunda baş verir.

Qəribə bir sinxronluqdur, elə deyilmi?

Bədnam qonşularımızın bu "haray-həşir"i şəxsən məni o qədər də təəccübləndirməsə də, doğma torpağın sözdə "liberallar"ının (taleyin ironiyası ilə onların böyük bir qismi xaricdə məskunlaşıb) "ağlaşma"sı təəccüb doğurmaya bilməz.

Adam lap soruşmaq istəyir: "Sən ayının dayısısan, yoxsa mənim?!"

Qadın və qocalarımızın qarınlarını yaranların tərəfindəsiniz? Sizə kim dedi ki, indiki vəziyyətdə xatırlamaqdansa, unutmaq daha yaxşıdır?

Bu məqamda bəzi şeyləri bilməyiniz lazımdır. Zənnimcə, indiki vəziyyətdə bu məlumatlar lap yerinə düşər.

Birinci Dünya müharibəsindən sonra Avropanın bərpası ilə bağlı araşdırmaya həsr olunmuş "Revival after the Great war" ("Böyük müharibədən sonra dirçəliş") kitabının ön sözündə tədqiqatçılar Lük Verpo, Lin Engelen, Rayeş Haynik, Yan Şmidt, Piter Uytenhov və Piter Verstrate qeyd edirlər ki, müharibədən sonrakı dövrdə "yenidənqurma" haqqında danışarkən unutmaq olmaz ki, söhbət təkcə binalardan deyil, həm də insanlardan, həyat hekayələrindən və tarixi tədqiqatlarda gələcəyin mənzərəsini qurmaq üçün istifadə oluna biləcək hadisələrdən getməlidir.

Müəlliflərin fikrincə, "dirçəliş" (revival) təkcə bərpa (rebuild) və təmir (repair) deyil, həm də yaddaş (remember) və islahatlar (reform) üçün imkanlar deməkdir.

Bu yazıda mən məhz "yaddaş"ın rolu barədə ətraflı danışmaq istərdim, lakin yuxarıda sadaladığım digər ünsürlərə də qısaca olaraq toxunmaya bilmərəm.

Bərpa nə deməkdir?

Bu terminlə sırf müharibə nəticəsində dağılmış binaların və infrastrukturun əvvəlki görkəminin bərpası nəzərdə tutulurmu?

Əgər belə olsaydı, bu cür yanaşma müharibədən sonrakı dövrdə irimiqyaslı tikinti işləri ilə bağlı yaranan bütün imkanların (nə qədər qəribə səslənsə də) istifadəsindən imtina etmək olardı.

Məsələn, köhnəlmiş, müasir standartlara cavab verməyən binanın (istər fərdi ev, istərsə də məktəb olsun) yerində analoji tikili inşa etməyə dəyərmi? Ya da işğaldan azad olunmuş ərazilərdə yeni müasir standartlar formalaşdırmaq üçün bu imkandan istifadə etməyin mənası varmı?

Bəsit bir misal göstərim: Bizim ölkədə kənd yerlərində çox vaxt sanitar qovşağı (tualet, hamam və s.) evdən kənarda tikilirdi. Çox vaxt da evin həyətinin düz o başında. Bunun səbəbi çox sadədir – sanitar qovşaq heç gigiyenanın minimal standartlarına da cavab vermirdi və yaşayış evlərindən uzaq saxlamaq istədiyimiz çox iyrənc bir yer hesab olunurdu.

Əgər hər şeyin öz "əvvəlki halı"nı bərpa etməyə çalışsaq, məlum məsələdir ki, analoji tikililər inşa etməli olacağıq. Ərazilərin işğalından 30 ilin keçdiyini və yerli sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bu gün mövcud olan imkanları nəzərə alsaq, belə bir fikir mahiyyət etibarilə absurddur.

Vaxtilə müharibədən sonrakı Belçikada "daha yaxşı fermalar tikməklə yaxşı fermerlərin yetişdirilməsi" (Making Good Farmers by Making Better Farms) strategiyası rəhbər tutulurdu. Bu da işə yaradı. Necə deyərlər, varlıq bizim şüurumuzu müəyyən edir.

Bu məqamda Prezident İlham Əliyevin ən qabaqcıl standartların Qarabağa tətbiq edilməsinin zəruriliyi barədə bəyanatları (onun "ağıllı kəndlər" – smart villages haqqında dediklərini yada salın) xüsusi əhəmiyyət kəsb edir.

Əgər işğaldan azad olunmuş ərazilərə potensial repatriantları burada həyat keyfiyyətinin ən yüksək standartlarının tətbiqi yolu ilə cəlb etməsək, başqa hansı yolla buna nail ola bilərik ki?

Yeri gəlmişkən, yeni, ən qabaqcıl standartların tətbiqi sonradan həmin standartların ölkənin digər bölgələrinə "daşınması" üçün də imkanlar yaradır. Əslində Qarabağ bir növ "aerodinamik boru" rolunu oynaya bilər ki, bu "boru" da bizə gələcəyin ssenarilərini sonradan bütün Azərbaycan miqyasında tətbiq etmək üçün modelləşdirmək imkanı verəcəkdir.

Bəs dağıdıcı müharibənin fəsadlarından zərər çəkmiş ərazilərin bərpası üçün sadəcə yenidənqurma, təmir və islahatlar kifayətdirmi?

Atəşkəs sazişinin imzalanması ilə müharibə də yox olmur. Müharibənin bitməsi hələ o demək deyil ki, onu dərhal yaddan çıxarmaq olar.

Keçmişimiz indiki və gələcək zamanlar üçün ağır yükdür və bu yükün ağırlığı gündəlik həyatımızda, o cümlədən işdə, ailə həyatında, təhsildə, asudə vaxtlarda hiss olunur...

Bunu hamıdan yaxşı biz bilirik.

Biz düz 30 il məhz 90-cı illərin əvvəllərində uğradığımız məğlubiyyətin yükü altında əzilərək yaşamışıq. Biz bu məğlubiyyətin səbəblərini uzun-uzadı müzakirə edə bilərik (bu səbəblərin çoxu ixtilaflar, hakimiyyət uğrunda mübarizə və həmin dövrün siyasi elitasının cinayətkar əməlləri və fəaliyyət qabiliyyətsizliyi nəticəsində iflic olmuş ölkəmizin daxili problemlərindən ibarət idi).

Lakin bununla məsələnin mahiyyəti dəyişməyəcək – Azərbaycan xalqı böyük itkilər vermişdi və bu itkilər təkcə minlərlə əsgər və dinc sakinin həlak olmasından ibarət deyildi. Həmin müharibə dövründə sağ qalanlara da çox böyük mənəvi və maddi ziyan vurulmuşdu.

2020-ci ilin payızı xalqımızın tarixində yeni bir səhifə oldu. Bəlkə də bu sözlərim kiməsə pafoslu gələ bilər, amma Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu "Qordi düyününü açaraq", istəsək də, istəməsək də, uzun onilliklərdir hiss etdiyimiz "məğlub kompleksi"nə son qoydu.

Bununla belə, bəzi suallar hələ də aktual olaraq qalır: biz indi bu yeni reallıqlarla necə yaşayaq? Keçmişimiz gələcəyimizin qurulmasında hansı rolu oynaya bilər və hətta oynamalıdır? İndi biz keçmişimizi necə qiymətləndirməliyik?

Bunlar hələ cavablandırılmalı olduğumuz sualların sadəcə bir neçəsidir. Bunun kimi mühüm əhəmiyyət kəsb edən, mən deyərdim ki, taleyüklü suallardan bəziləri isə belədir: Qələbəmiz gələcək nəsillərə necə bir irs qoymalıdır? Qələbəmiz məğlub olmuş (nə gizlədək – mənfur) qonşumuzla münasibətlərimizdə hansı izlər qoyacaq?

Xalqımızın başı öz unutqanlığına görə çox bəlalar çəkib. 1918-ci ilin Mart soyqırımı, 1920-ci illərin əvvəllərində Qarabağda baş verən hadisələr, azərbaycanlıların müasir Ermənistan ərazisindən deportasiyası və keçmişimizin bir çox digər faciəli səhifələrindən dərs almağımız uzun çəkdi. Sovet senzurası keçmişimizin bu faciəvi səhifələri haqqında xatirələri kollektiv yaddaşımızdan çıxarmağa çalışırdı. Bəs, görəsən, biz bu xatirələri ailə, icma səviyyəsində yaşada bilməzdikmi? Zaman göstərdi ki, bu elə də asan olmadı.

Bizim yaddaşımız çox zəifdir, biz başımıza gələn pis şeyləri çox tez unuduruq.

Bəlkə də bu bizim nəcibliyimizdən irəli gəlir. Amma mən həm də əminəm ki, "XATIRLAMAQ" indiki zamanı dərk etmək üçün keçmiş zamanı şərh və nəql etmək deməkdir. Keçmişin indiki zamanın prizmasından bu cür dərk edilməsi isə gələcəyin qurulması üçün ən yaxşı vasitədir.

Dini və məişət mərasimləri, abidələrin açılması, eləcə də yaradıcılıq, incəsənət və təhsili əhatə edən anım təcrübəsi keçmişin yenidən dərk edilməsi və gələcəyin qurulmasını təmin etməklə, ayrı-ayrı fərdlərə və ümumilikdə ictimai şəxsiyyətə təsir göstərə bilər.

Yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək olduqca maraqlı bir layihənin üzərində işləyərkən Qarabağın demək olar ki, bütün rayonlarında Böyük Vətən Müharibəsinə həsr olunmuş çox sayda abidələrin (təəssüf ki, əksəriyyəti dağılmışdır) olduğunu öyrəndim.

Əminəm ki, Azərbaycanın digər ərazilərində də onların sayı az olmayıb. Sovet hakimiyyəti Böyük Vətən Müharibəsində qələbə ilə bağlı xatirənin əbədiləşdirilməsinə niyə bu qədər böyük diqqət ayırırdı? Bu suala cavab tapmağa çalışın.

Cavab tapa bilməsəniz, Köhnə dünya tarixinə nəzər salın. Məsələn, Versal sülh müqaviləsinin imzalandığı dövrdən başlamaq olar. Həmin vaxt Birinci Dünya müharibəsinin dəhşətlərindən sarsılan Avropa təkcə öz yaralarını sarmağa deyil, həm də yeni, müharibədən sonrakı "mən"ini tapmağa çalışırdı (hərçənd, bu yolda faciəvi nəticələr yaradan daha bir müharibədən də keçməli oldu).

Belə ki, sülh razılaşması əldə olunduqdan dərhal sonra bütün Avropada müharibəyə həsr olunmuş abidələr – təkcə qaliblərin deyil, həm də işğalçılara müqavimət göstərmiş qurbanların xatirəsinə həsr olunmuş abidələr peyda olmağa başladı.

Alman işğalı nəticəsində daha çox zərər çəkmiş Belçikada resurs, maliyyə və vaxt çatışmazlığı səbəbindən demək olar ki, dövlət orqanlarının müdaxiləsi olmadan, icmaların vəsaiti hesabına gips, ağac və hətta qardan hazırlanmış "müvəqqəti abidələr" hazırlanmağa başladı.

Bu cür "aşağıdan-yuxarıya" yanaşma eyni zamanda emosiyaları üzə çıxarmağa, habelə müharibə ilə bağlı xatirənin əbədiləşdirilməsi prosesinin təməlini qoymağa imkan verdi. Müvəqqəti abidələrin bir qismi sonradan daimi abidələrə çevrilmiş, onlar haqqında məlumatlar (dildən-dilə düşərək) bir növ ölməzlik qazanmış, hökumətin resurs və vaxt çatışmazlığı aradan qaldırıldıqdan sonra isə həmin dəhşətli müharibəyə həsr olunan bütöv memorial komplekslərin yaradılması prosesinə başlanmışdı.

Keçmişini xatırlamayan xalq zülmət qaranlıqda veyillənən insan kimidir.

Hərçənd yaddaş təkcə abidələr demək deyil. Bu, həm də mədəniyyət və təhsildir.

Birinci Dünya müharibəsindən sonra Britaniyada bir neçə il davam edən nisbi sakitlikdən sonra hərbi mövzuda tamaşaların sayının artması müşahidə olunurdu. Özü də təkcə yeni tamaşalar deyil, həm də müharibə illərinin tamaşaları səhnələşdirilirdi.

Əgər indiki dövrə aid nümunələrə istinad etsək, gözümüzün önündə "Pianoçu" və "Şindlerin siyahısı" filmləri canlanır. Bəlkə də kimsə səmimi şəkildə deyə bilər ki, yəhudilər Holokost haqqında onlarla, bəlkə də yüzlərlə film çəkməklə köhnə yaralarını qanatmamalıdırlar.

Ancaq bu hadisələr təkcə yəhudi millətinin deyil, bütün müasir sivilizasiyanın DNT-sinə həkk olunub. Bu mövzunun əbədiləşdirilməsi və daim gündəmə gətirilməsi gələcəkdə bu cür cinayətlərin pislənəcəyinə ümid bəsləməyə imkan verir. Təəssüf ki, Xocalı soyqırımı, Ruanda və Srebrenitsa hadisələri (hələ biz Hələb, Sarayevo və Ağdamın dağıdılmasından danışmırıq) bəşəriyyətin hələ də idealdan çox uzaq olduğunu göstərir.

Lakin məhz bu hadisələrin unudulmaması daha yaxşı gələcəyin təməli ola bilər. Dağılmış tikililərin fiziki olaraq bərpası ilə iş bitmir.

Təsadüfi deyil ki, Birinci Dünya müharibəsi başa çatdıqdan sonra hərb mövzusu Belçikanın dövlət orta məktəblərində məcburi təlim kursuna daxil edilmişdi. Burada qeyd etmək yerinə düşər ki, Belçikada vəziyyət vətənpərvərlik (hətta deyərdim ki, milliyyətçilik) mövzularının həmişə ictimai həyatda müəyyən rol oynadığı Almaniya və ya Fransa ilə eyni deyil. Bununla belə, alman işğalının faciəvi nəticələrini öz üzərində hiss etmiş bu kiçik ölkədə həmin faciəvi hadisələrlə bağlı xatirənin millətin öz "mən"inə yeridilməsinə qərar verilmişdi.

Yaddaş bizi biz edən şeydir.

Onu sənədləşdirərək gələcək nəsillərə saxlamaq lazımdır. Əgər kimlərəsə Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunan yüzlərlə işğalçı dəbilqəsi həddindən artıq şişirdilmiş bir şey kimi görünürsə, qoy elə olsun.

Məsləhət görərdim ki, gedib Quba Soyqırımı Memorial Kompleksini ziyarət etsinlər. Qoy bu gün onları bu qədər həyəcanlandıran dəbilqələrin sahiblərinin ata-babalarının vaxtilə kütləvi şəkildə qırdıqları günahsız insanların kəllə sümüklərinə tamaşa etsinlər.

Bizim qələbəmiz təkcə sevinc deyil, həm də kədərdir – bu qələbə uğrunda canından keçmiş hər bir insanın xatirəsi deməkdir. Yarım il, 30 il və ya 100 il əvvəl – fərqi yoxdur. Biz heç birini unutmamalıyıq. Əgər bunun üçün yüzlərlə abidə ucaltmaq və muzey tikmək lazımdırsa, belə də olacaq.

Bundan hiddətlənənlər isə erməni xorunun səsləri ilə unison oxuya bilərlər. Bu, onların öz vicdanına qalacaqdır.

Paylaş:
393

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər