Zəngəzur dəhlizi açılacaq: Ermənistan istəsə də, istəməsə də - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Zəngəzur dəhlizi açılacaq: Ermənistan istəsə də, istəməsə də - TƏHLİL

16:50 - 21 / 04 / 2021
Zəngəzur dəhlizi açılacaq: Ermənistan istəsə də, istəməsə də - TƏHLİL

İndiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması tarixi faktdır.

1918-ci ildə İrəvan xanlığının ərazisində özlərinə dövlət quran ermənilər sovet hakimiyyəti illərində Azərbaycanın digər ərazilərini də mənimsəməyə, bununla da ərazilərini genişləndirməyə nail oldular.

Sovet hakimiyyətinin ermənilərə “bağışladığı” ilk Azərbaycan ərazisi isə Zəngəzur mahalıdır.

Zəngəzur ermənilərə necə verildi?

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Bununlada Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsildi.

Zəngəzur Azərbaycana qaytarıla bilərmi?

İkinci Qarabağ Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra ermənilərin kompensasiya qismində Zəngəzuru Azərbaycana qaytarması ilə bağlı fikirlər artmaqdadır. Bəllidir ki, Emənistanın bizə vurduğu ziyanı ödəmək kimi bir imkanı yoxdur. Buna görə də bu məbləğin bəlli bir hissəsi Azərbaycanın tarixi torpaqlarının, daha dəqiq desək Zəngəzurun kompensasiya şəklində Azərbaycana verilməsi ilə nəticələnə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışları zamanı indiki Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığını bildirib. Dövlət başçısı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı Zəngəzurun tarixi Azərbaycan torpağı olmasını bir daha bəyan edib:

“Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

“Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”

Zəngəzurun Azərbaycana qaytarılıb-qaytarılmayacağı dəqiq bilinməsə də, Azərbycanın Zəngəzurdan nəqliyyat dəhlizi kimi istifadə edəcəyi reallığa çevrilməkdədir. Belə ki, İkinci Qarabağ müharibəsinin sonucu olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bu dəhliz Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirməklə yanaşı, beynəlxalq əhəmiyyətli tranzit, körpü rolunu da oynayacaq.

Təbii ki, Zəngəzur dəhlizinin açılması Ermənistanda ciddi narazılıqla qarşılanıb. Bəzi qüvvələr bu layihənin reallaşdırılmasına mane olmağa çalışırlar.

Prezident İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfəri zamanı dövlət televiziyasına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunaraq istənilən halda bu layihənin icra olunacağını vurğulayıb:

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

“Ermənistan məsələnin ciddiliyini anlamalıdır”

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı məsələnin ciddiliyini anlamasa aqibəti pis olacaq:

“Cənab İlham Əliyev deyirsə ki, Zəngəzur dəhlizi açılacaq, deməli açılacaq. Paşinyan da, Ermənistan da bu fikri qulağına sırğa eləməli və məsələnin ciddiliyini anlamalıdır. Anlamasalar, aqibətləri pis olacaq”.

Deputat vurğulayıb ki, Ermənistan 10 noyabr razılaşmasının bəndlərinə riayət etmək əvəzinə son günlər yenidən çaşqınlıq yaratmağa çalışır, yenə öz qeyri-ciddiliyini nümayiş etdirir, növbəti dəfə sərsəm-sərsəm iddialarla çıxış edir. Bu terrorçular, təxribatçılar anlamalıdır ki, hətta ən kiçik yanlış belə onlara baha başa gələcək və başları üzərində növbəti dəfə Azərbaycanın dəmir yumruğunu görəcəklər. Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır:

“Açılacaq bu dəhliz. Açılmalıdır! Başqa alternativ yoxdur. Cənab Prezident İlham Əliyev də öz müsahibəsində qətiyyətlə və aydın şəkildə dedi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. Sadəcə istəsə bu məsələ daha asan həll olacaq, istəməsə isə zorla.

Məncə Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin bu qətiyyətli fikrindən, bəyənatından nəticə çıxarmalıdır. Eyni zamanda anlamalıdır ki, bundan sonra növbəti mərhələlərdə də qeyri-ciddi üslub nümayiş etdirsə, razılaşmadakı bəndlərin öhdəliklərindən yayınsa, cığallıq edərsə, Azərbaycan ona bütün şərtləri, öhdəlikləri zorla yerinə yetirdəcək”.

1news.az

Paylaş:
950

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər