Bayden “erməni soyqırımı” ifadəsini işlətməyəcək - Politoloq
Aprelin 24-də ermənilər qondarma “soyqırımlarının” 106 illiyini qeyd etməyə hazırlaşırlar. Bu prosesdə ABŞ-dakı erməni diasporu və erməni lobbisi daha böyük canfəşanlıq edir. Səbəbi də məlumdur. Onlar ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırım” ifadəsini işlədəcəyinə ümid edirlər.
Qeyd edək ki, bu günə qədər ABŞ-ın heç bir prezidenti ermənilərin ümidini doğrultmayıb. Buna baxmayaraq həyasız ermənilər hər il öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər.
Təbii ki, bu məsələ Türkiyə və Azərbaycanda da diqqətlə izlənilir. Maraqlıdır, ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırım” ifadəsini işlədərsə bu, ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə necə təsir edə bilər?
Ümumiyyətlə, nəzərə alsaq ki, belə bir “soyqırımı” olmayıb, belə bir ifadənin işlədilməsi nə dərəcədə düzgün olardı?
Məsələ ilə bağlı 1news.az-a danışan politoloq İlyas Hüseynov hesab edir ki, ermənilər nə qədər canfəşanlıq etsələr də, hər zaman olduğu kimi bu il də öz istədiklərinə nail ola bilməyəcəklər:
“Hər ilin aprel ayında qondarma “erməni soyqırımı” məsələsini erməni diasporu aktuallaşdırır. Erməni lobbisi ənənəvi olaraq ABŞ-da demokratları ələ almağa çalışır və “soyqırım” məsələsində dividentlər qazanmağa çalışırlar. Hazırkı president Co Bayden seçkiqabağı platforması zamanı ermənilərə müəyyən vədlər verib. Lakin hər zaman olduğu kimi ermənilər öz istədiklərinə yenə nail ola bilməyəcəklər. Çünki real siyasətlə seçkiqabağı prosedur çox zaman tərs mütənasiblik təşkil edir.
Türkiyə Böyük Orta Şərq regionunda sülhün və təhlükəsizliyin qorunması istiqamətində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, Türkiyə NATO-da böyük gücə sahibdir. ABŞ-ın prezidenti ermənilərin arzu və istəkləri naminə Türkiyə ilə münasibətləri korlamaq istəməz. ABŞ üçün Türkiyə ilə müttəfiqlik münasibətləri daha böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə ABŞ arasında bəzən fikir ayrılıqları yaranan zaman ABŞ-dakı erməni lobbisi ikitərəfli münasibətləri pozmağa çalışırlar. Eyni zamanda, Türkiyə ABŞ üçün strateji maraqlarının həyata keçirilməsi baxımından da öz aktuallığını qoruyur. Buna görə də, aprelin 24-də qondarma erməni soyqırımı ilə bağlı hər hansı dəyişikliyin və ya açıqlamanın olacağını düşünmürük”.
Türkiyənin məsələnin araşdırılması üçün öz arxivlərini təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladan İ.Hüseynov erməni tərəfinin bu məsələdə iştirak etməkdən boyun qaçırmasına diqqət çəkib:
“Digər tərəfdən, müraciətdə qondarma “erməni soyqırımı” ilə Baydenin “soyqırım” ifadəsinin işlədilməsini erməni lobbisi uzun müddətdir ki, arzulayır. Barak Obamanın dönəmində də bu haqda böyük gözlənti olsa da, ermənilər istədiklərinə nail ola bilmədilər. Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, məsələyə tarixi, siyasi kontekstdə qiymət verilməlidir. Tarixçilərin məsələni araşdırması üçün Türkiyə öz arxivlərini də təqdim etməyə hazırdır. Lakin erməni tərəfi bu məsələdə iştirak etməkdən boyun qaçırır. Çünki erməni diasporu qondarma “erməni soyqırımı” məsələsi üzərində öz təbliğatını qurur və problemin kökündən həll olunmasında maraqlı deyil. Buna görə də xristian təəssübkeşliyi istiqaməti də “erməni soyqırımı” problemində müəyyən yerə malikdir. Ermənilər bu istiqamətdə mövqelərini gücləndirir, məzlum və əzabkeşlik sindromunu dayanmadan istismar edirlər. ABŞ-da praqmatik siyasətçilər mövcud vəziyyətdən məlumatlıdırlar və Türkiyə ilə ikitərəfli münasibətlərə kölgə salmaq istəmirlər”.
1news.az