İtaliyanın Azərbaycanla birliyi Avropa ilə münasibətlərdə bir paradiqma dəyişikliyini təşviq edir
2020-ci il fevral ayının sonlarında, İtaliyanın COVID-19 səbəbindən qapanmaya gedən ilk Avropa ölkəsi olmasından bir neçə gün əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev italyan həmkarı Prezident Sergio Mattarella ilə ikitərəfli danışıqlar aparmaq üçün Romaya səfər etdi.
Səfər nəticəsində imzalananan Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilməsi üzrə Birgə Bəyannamə iki ölkə arasında son dərəcə perspektivli ticarət əlaqələrinin təməlini qoydu. Enerji resurslarından bəhrələnən İtaliya və Azərbaycan birliyi artıq müdafiə, infrastruktur və investisiya sahələrini də əhatə dən daha bütöv bir ticarət razılaşmasını əhatə edir. Artıq bir çox ekspertlər İtaliyanı Azərbaycanın Avropadakı əsas müttəfiqi hesab edirlər. Onlar bu tərəfdaşlığın Avropa ölkələri üçün ənənəvi Avropa mərkəzli əhatə dairəsi xaricində artan fürsətlərə işıq tutduğunu iddia edirlər.
Azərbaycanın neftlə zəngin Abşeron yarımadası – Qafqazın ən ucqar Şərq hissəsi - min illər boyu tacirləri özünə cəlb edib. Tanınmış italyan səyyahı Marko Polo Böyük İpək Yolu boyunca səyahətlərini təsvir etdiyi İl Milion əsərində müasir Azərbaycan ərazisindən də söz açır. Azərbaycan əsrlər boyu ən güclü ticarət əlaqələrini məhz bu yarımadadan başlayaraq qurub. Son illərdə isə Abşeron yarımadası həm də müasir meqalayihələrdən biri hesab olunan Cənub Qaz Dəhlizinin (CQD) başlanğıc nöqtəsinə çevrilib.
Cənub Qaz Dəhlizi (CQD) Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindizi sənaye limanına çatdırır. Azərbaycan qazı ilk dəfə İtaliyaya Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ötən ilin 30 dekabr tarixində çatdırılıb.
TAP İtaliya-Azərbaycan enerji ticarətinin təməl sütununu təşkil edən və İtaliyanı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşına çevirən xəttin yekun hissəsidir. 2019-cu ilin nəticələrinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 6 milyard dollar təşkil edib. Həmin ildə İtaliyanın aldığı qazın 17%-i Azərbaycanın payına düşüb. CQD-nin bu əlaqəni daha da genişləndirəcəyi və hər il İtaliyaya 10 milyard kubmetrdən çox Azərbaycan qazı ötürəcəyi gözlənilir.
Avropa Komissiyasının təşəbbüsü ilə qaz mənbələrini şaxələndirilməsi sayəsində CQD Avropanın Rusiya və Şimali Afrika qazından asılılığını azaltmağı hədəfləyir. Rusiya 2018-ci ildə AB-nin ümumi qaz idxalının 40% -ni təmin edərək AB-nin ən böyük xarici təchizatçısı olaraq qalır. AB, xüsusilə də İtaliya üçün CQD şərqdə yeni bir alternativ kimi qəbul olunur. Azərbaycan üçün isə CQD İtaliya vasitəsilə Avropa ilə daha da yaxınlaşmaq üçün gözəl imkandır.
Beləliklə, Azərbaycan yalnız enerji əməkdaşlığı sahəsində bir müqavilə imzalamaqla kifayətlənmədi, eyni zamanda Avropada yeddi ay sonra Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olacaq bir müttəfiq qazandı.
Azərbaycan Ordusunun Qarabağı və ona bitişik bölgələri erməni işğalından azad etməsi üçün əks-hücum əməliyyatı 27 sentyabr səhəri başladı və 10 noyabr 2020-ci il tarixində sona çatdı.
Qərb dövlətlərinin şübhələrinə baxmayaraq, Azərbaycan məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etdi və atəşkəs rejimi burada bir neçə aydır davamlı olaraq qorunur.
Türkiyə münaqişənin həllində verdiyi mənəvi köməyi ilə geniş beynəlxalq səviyyədə tanındı: Prezident Rəcəb Tayyib Ərdoğan, Azadlıq Meydanında Azərbaycanın qələbəsini qeyd etmək üçün fəxri qonaq qismində dəvət olundu. Avropada, Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həlli yollarını tapmaq üçün yaradılan ATƏT-in Minsk qrupunun bir üzvü olaraq məhz İtaliya beynəlxalq hüququn üç sütununu - suverenlik, ərazi bütövlüyü və milli sərhədlərin toxunulmazlığı prinsiplərini ilk müdafiə edən ölkə oldu.
Bu gün Azərbaycan ilə İtaliya arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əvvəllər bu iki ölkə arasında sadəcə iqtisadi müqavilələr var idisə, indi, fikrimcə, bir siyasi birlik də var.
Ölkələr arasında əlaqələr inkişaf etməyə davam edir. 2020-ci ilin dekabrında imzalanan müqaviləyə əsasən, İtaliya azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradılmasına öz töhfəsini verəcək.
İtaliyanın Azərbaycanla dostluq nümayiş etdirmək istəyi bütövlükdə AB üçün təsirləri ola bilər. Xüsusilə, geopolitik mənzərənin ABŞ-ın yeni prezidentinə uyğunlaşdığını nəzərə alsaq, Qərb dövlətlərinin yeni enerji mənbələri ilə daha çox maraqlanmaları mümkündür. Bu, Azərbaycanın doğru zamanda, doğru yerdə olması üçün yaxşı bir fürsətdir.
Patrik Landau, “Maydex AG” İdarə Heyətinin sədri, energetika, nəqliyyat və müdafiə sektorlarında dünyanın bir neçə nəhəng şirkətinin aparıcı məsləhətçisi.