Nazir müavini: Ermənilər Füzulidə 57 hektar meşə sahəsini məhv ediblər
Peyk təsvirlərinə əsasən işğal dövründə Füzulidə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini deyib ki, Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib, bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir.
V.Kərimov qeyd edib ki, işğal dövrünədək Füzulinin meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örtülü olub:
"Peyk təsvirlərinə əsasən işğal dövründə Füzulidə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar".