Yol Polisi əməkdaşları paytaxtda və bölgələrdə reydləri davam etdirirlər
Paytaxtda və bölgələrdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən reydlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a bildiriblər ki, bu qəbildən olan növbəti tədbir atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə həsr olunub.
Gəncə, Qax, Qazax, Qəbələ, Qusar, İsmayıllı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Xocalı, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları və tədbirə cəlb olunan mütəxəssislər tərəfindən sürücülərə bir daha izah edilib ki, onlar istifadələrindəki nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.
Kütləvi informasiya vasitələrinin də iştirak etdiyi tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri müəyyənləşdirilərək sürücüləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, “Təmiz hava” şüarı altında keçirilən tədbirlərin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.