Ermənistanın postmüharibə dövründəki tənəzzülü rəqəmlərdə - TƏHLİL
Ermənistandakı siyasi çəkişmələ və müxtəlif xarici ölkələrin ölkəni istədiyi kimi qarışdırmaq meyillərinin mövcudluğu Ermənistanda mövcud olan kövrək dövlətçilik təsisatlarını daim təhdid edib. Gəlin nəzər yetirək.
44 günıük müharibədə Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan dövləti müharibədən sonra təkcə hərbi sahədə süquta uğramayıb, ölkədəki siyasi münasibətlər iflic olub, iqtisadi təsisatlar sıradan çıxıb, demoqrafik böhran pik həddə çatıb, ölkəni tərk edənlərin sayı doğulanların sayından misilsiz dərəcədə çoxdur.
Dediklərimiz bizim şərhimizdən daha çox, real faktların və rəqəmlərin ortaya çıxardığı gerçəklikdir. Ermənistanda və Qarabağda həlak olanlarla bağlı etiraf edilən rəsmi rəqəm 7000-ə yaxındır. Amma Ermənistan rəhbərliyi son rəqəmləri rəsmi olaraq açıqlamayacaqlarını da söyləyir. Əvvəl qeyd etdiyimiz kimi bu rəqəmə məhv edilən könüllülər və beynəlxalq muzdlu terrorçuların itkiləri daxil deyil. Ermənistanda qeydiyatdan keçən yaralı sayı 19800 nəfərdən çoxdur. 64800 nəfər şəxsi heyətə malik Ermənistan ordusunun itkilərini əks etdirən həlak olan, yaralanan və fərarilərlə bağlı rəqəmləri toplasaq 40000 üzərində itkilərinin olmağı ortaya çıxır ki, bu rəqəm təkcə məhv edilən ordunu deyil, sıradan çıxmış insan kapitalını da ehtiva edir.
Bir məsələni də unutmayaq ki, gəlinən qənaətlər Ermənistanın indiyədək verdiyi rəsmi rəqəmlərə istinad edilərək yuvarlaq alınan nəticələrdir. Qeyri rəsmi rəqəm isə təbii ki, daha çoxdur. Bu rəqəmin üzərinə sayı minlərlə ifadə olunub, axtarışları hələ də davam edən itkinləri və meyidləri tanına bilinməyən yüzlərlə əsgərin Metsamorda soyuducularda saxlandığını da əlavə etsək Ermənistanın hansı vəziyyətə gəldiyini daha aydın təsəvvür edərik.
Ermənistanın 44 günlük müharibədə milyardlarla dollar itirməyi ölkənin hazırkı halının hansı acınaqcaqlı situasiyada olduğunu aydən göstərir. Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borc iqtisadi böhranın xarici dəstəklə də önlənə bilməyəcəyini göstərir.
Müharibədən məğlub çıxan ölkədən birbaşa xarici sərmayə axtarışları mənasızdır. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün təhdidlər mövcud investorları da qorxuda bilər. Artıq erməni mənşəli xarici şirkətlərin bir çoxu Ermənistanı tərk edirlər. Büdcə kəsirləri kapital qoyuluşunu üstələyib.
Cari il üçün isə büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır ki, bu da yaydakı növbədənkənar parlament seçkilərindən sonra vəziyyətin daha da kiritik olacağını söyləməyimizə əsas verir.
Bütün sadalanan reallıqlar ölkədə azalan əhali sayına ciddi təsir göstərir. Ermənistanın “Zvartnos” və “Şirak” hava limanlarından uçan təyyarələrlə təkcə bu ilin mart ayında 74 min 197 nəfər ölkəni tərk edib. Ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaş həddində olanlardır. Bu isə ölkədə demoqrafik mənzərəni pisləşdirən əsas səbəbdir. Sovet dövründə Ermənistanda ildə 80 minə yaxın uşaq dünyaya gəlirdisə, indi bu göstərici 20-25 min arasında dəyişir. Ermənistanda demoqrafik qocalma əmsalı 13 faizdir. Bu da dünyada ən yüksək rəqəmlər sırasında yer alır.
BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin hər 5 nəfərindən biri 65 yaşdan yuxarı, 3 nəfərindən biri isə 63 yaşdan yuxarı əhali təşkil edəcək ki, bu da ümumi əhalinin 22 faizi deməkdir.
“Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın uzunmüddətli reytinqini aşağı salıb və proqnoz verib ki, bu ilin sonuna ölkəni defolt gözləyir.
Bu qədər pis rəqəmlərlə xarakterizə olunan Ermənistandakı xırda revanşist açıqlamalar qeyd olunan çətin situasiyadan diqqəti yaytındırmağa hesablanıb və bundan sonra Ermənistanın regionun lider dövlət Azərbaycanla hansısa platformada mübarizə aparmaq ehtimalı belə gülməlidir.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq