Türkiyənin Azərbaycandakı səfiri: “Qardaş ölkənin Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb”
Azərbaycan Atatürk Mərkəzində keçirilən beynəlxalq simpozium türkdilli dövlətlər arasındakı münasibətlərin, əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Gücümüz birliyimizdədir, biz gücümüzü birliyimizdən alırıq.
1news.az xəbər verir ki, bu fikirləri Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iyunun 9-da “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda deyib.
Səfir vurğulayıb ki, Qarabağ Zəfəri yeni məqsədlər uğrunda mübarizənin başlanğıcıdır. “Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkdi. Sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Türkiyə də ona siyasi və mənəvi dəstək verdi. Qardaş ölkənin Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb”,- deyə diplomat bildirib.
Cahit Bağçı bildirib ki, türk dövlətlərinin bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr də yüksək səviyyədə inkişaf edir. “İnanırıq ki, türkdilli dövlətlərin parlamentəriləri bir araya gələrək birliyimizi, gücümüzü daha da artıracaqlar. Türkdilli dövlətlər arasında əməkdaşlığın yeni üfüqləri, yeni fikirlər, yeni münasibətlər yaranmaqdadır”, - deyə diplomat qeyd edib.