Rumıniya XİN başçısı: “Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir”
“Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir”.
1news.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Avropa İttifaqının nümayəndə heyəti qəbul edilərkən deyib.
Boqdan Auresku bildribi ki, həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub: “Sözügedən görüşün sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırmaq niyyətindədir.
Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir”.
Rumıniya XİN başçısı deyib ki, eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır: “Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki, Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz.
Ölkəniz regional bağlılıq baxımından da vacib rol oynayır. Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımdan bu, olduqca vacibdir”.
1news.az