“AŞPA-nın plenar iclaslarında daim tənqid edilən ölkələri tənqid etməkdən çəkinməliyik”
“Demokratiyanın effektiv icrası üçün ictimai etimadın vacib şərtlərindən biri də siyasi partiyaların maliyyə şəffaflığı və siyasətçilərin dürüstlüyüdür”.
1news.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində "Xarici donorlardan siyasi partiyalara və seçki kampaniyalarına edilən ianələrin şəffaflığı və tənzimlənməsi" adlı məruzə ətrafında nümayəndə heyətinin üzvü deputat Kamal Cəfərov deyib.
“Nazirlər Komitəsinin siyasi partiyaların maliyyələşməsinin şəffaflığına dair Tövsiyəsi əsasında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu –(QREKO) tərəfindən həyata keçirilən üçüncü qiymətləndirmə raundu bu sahədə mühüm rol oynayıb. QREKO qiymətləndirməsinin nəticələri göstərir ki, üzv dövlətlər qanunvericiklərini Avropa Şurasının tövsiyələrinə uyğunlaşdırmaq üçün daha çox iş görməlidirlər. Misal üçün, QREKO, 2017-ci il hesabatında qeyd edir ki, Fransada siyasi partiyaların maliyyələşməsinə nəzarətlə bağlı bəzi problemlər hələ də mövcuddur”.
“Bu o deməkdir ki, mükəmməl bir sistem yoxdur, hətta təcrübəli demokratiyaların da zəif tərəfləri var” – deyə, deputat fikirlərinə əlavə edib:
“Ona görə də AŞPA-nın plenar iclaslarında daim tənqid edilən ölkələri tənqid etməkdən çəkinməli, əksinə bir-birimizdən müsbət təcrübələri öyrənməyə çalışmalıyıq.
İkincisi, bu tövsiyələr, şübhəsiz ki, ayrı-ayrı hökumətlərin məsuliyyətidir. Ancaq bu təkcə hökumətlərin məsuliyyəti də deyil. Şəffaflıq bizdən və təmsil etdiyimiz siyasi partiyalardan başlayır.
Üçüncüsü, bəzi QHT-lər xarici qrantları siyasi məqsədlərə istifadə etmək üçün alır və ya bəzi xarici donorlar da qrantları məhz siyasi motivi ilə seçilən QHT-lərə verir. Hesabatda düzgün qeyd edilib ki, bu, səlahiyyətdən şəxsi mənfəət üçün sui-istifadədir. Yəni korrupsiyadır. Bu, bir ölkənin demokratik idarəetməsinə birbaşa maliyyə müdaxiləsidir. Bu səbəbdən, hesab edirəm ki, şəffaflıq qaydaları ayrı-seçkilik edilmədən QHT-lərə, eləcə də xarici donorlara bərabər tətbiq olunmalıdır”.
Azərbaycanın siyasi sistemində baş verən yeniliklər haqqında qısa məlumat verən deputat K.Cəfərov bildirib ki, o, 2020-ci ildə yeni seçilmiş millət vəkillərindən biridi.
“ AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, AŞPA-da qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi xanım Sahibə Qafarova Azərbaycan parlamentinin sədri seçilib. Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət partiyalarından parlamentin vitse-spikeri və komitələrin sədr müavinləri seçilib.
Digər mühüm inkişaf isə Prezident Administrasiyasında qanunverici və icra hakimiyyətləri arasında əməkdaşlığı genişləndirmək üçün xüsusi söbənin yaradılması olub. Bunun nəticəsində bütün siyasi partiyalar arasında uğurlu və konstruktiv dialoq qurulub, bəzi siyasi partiyalar qeydiyyata alınıb. Nəticədə siyasi sistemimiz yüksək peşəkarlıq səviyyəsinə qədəm qoyub.
Qeyd edilənləri nəzərə alaraq, layihənin lehinə səs verəcəyəm”.