Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir
Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan hesab olunan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (GCI) hesabatı üzrə cari il 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib.
Ümumilikdə 89.31 xal ilə ölkəmiz MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. MDB ölkələrindən Gürcüstan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiya kimi dövlətləri geridə qoyan Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlıqları və qlobal olaraq ən yaxşı nümunələrin tətbiqini həyata keçirməklə davamlı inkişaf nümayiş etdirməkdədir. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa ölkələri arasında 3-cü pillədə yer alması təsadüfi hal deyil. Reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Məsumə Talıbova mövzunu şərh edərkən deyib: “Dövlətlərin kibertəhlükəsizlik səviyyəsini 5 əsas istiqamət - hüquqi baza, texniki hazırlıq, təşkilati məsələlər, kadr potensialı, eyni zamanda, kommunikasiya və əməkdaşlıq istiqamətləri üzrə qiymətləndirən bu hesabat ölkələr arası kibertəhlükəsizlik səviyyəsini qiymətləndirərək hər bir ölkə üçün boşluqların və çağırışların müəyyənləşdirilməsi, inkişaf üçün prioritetlərin qoyulması, həmçinin zəif və güclü tərəflərin təsbit olunması ilə ölkələr arası bilik mübadiləsinin aparılması üçün çox böyük əhəmiyyət daşıyır”.