Aİ Bakı Limanı ilə müxtəlif layihələrin reallaşdırılmasında maraqlıdır - FOTO
Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının (Aİ) diqqətindədir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu gün Azərbaycanda səfərdə olan Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Limanın Baş direktoru Taleh Ziyadov Aİ komissarına məlumat verib ki, Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat dəhlizi olan “Orta Dəhliz”-in inkişafında və təşviqində fəal rol oynayır.
Baş direktor Taleh Ziyadov vurğulayıb ki, Bakı Limanı Aİ ilə yaxından əməkdaşlıq edir, 2016-c ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunubdur. Nəticədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi keçirilib. Baş direktor xüsusilə Yaşıl Liman və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək, bu tədbirlərin gələcəkdə daha geniş formatda davam edəcəyinə inandığını bildirib. Avropalı komissarın diqqətinə çatdırılıb ki, layihənin icrası zamanı liman əməkdaşlarının Rotterdam, Hamburq, Antverp, Barselona, Valensia, Venlo və digər qabaqcıl limanlarında təlimlərdən keçməsi insan inkişafına qoyulan ciddi investisiyadır. Layihə çərçivəsində Aİ-nın Xəzər regionunda ilk dəfə “EcoPorts” sertifikatının alınması və bir sıra ISO sertifikatların alınması da əsas nailiyyətlərdən hesab oluna bilər.
Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Aİ-nin diqqətindədir. O bildirdi ki, təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcəkdir. Bütün bu addımlar Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevirilməsini təmin edəcəkdir.
Görüşün sonunda komissar Varhelyi Bakı Limanının quru yük terminalı ilə tanış olub.