Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları – Rəqəmsallaşma bizə nələr qazandıracaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları – Rəqəmsallaşma bizə nələr qazandıracaq?

Qafar Ağayev12:08 - 24 / 07 / 2021
Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları – Rəqəmsallaşma bizə nələr qazandıracaq?

“Regionlarda xüsusi ixtisaslaşmış rəqəmsal bilik təqdim edən tədris müəssisələrinə böyük ehtiyac var”

Müxtəlif innovativ texnologiyalar vasitəsilə interneti daha təhlükəsiz şəkildə istifadə etmək, milyonlarla məlumat axınının içərisindən doğru olanları seçə bilmək, lazımi prosedurların asanlaşdırılması məqsədilə nəzərdə tutulmuş elektron xidmətlərdən düzgün qaydada yararlana bilmək üçün günün əsas tələblərindən biri rəqəmsal savadlılılığın artırılmasıdır.

Müasir dövrdə məlumatların internet vasitəsilə sürətli şəkildə yayılması müxtəlif şəxslər və cəmiyyətlər üçün yanıldıcı nəticələr ortaya çıxara bilər. İnternet və onlayn platformalarda yarana biləcək risklərin gündən-günə artması rəqəmsal savadlılığın önəmini bir o qədər də artıran amillərdəndir.

Rəqəmsal savadlılıq dedikdə sadəcə məlumatların əldə edilməsi və ondan istifadə bacarıqları nəzərdə tutulmur. İnsanların texnoloji cəhətdən maarifləndirilməsi, onlarda fərqli istiqamətlər üzrə dünyagörüşünün formalaşdırılması, eləcə də hər bir fərdə rəqəmsal təməl biliklərin mütəmadi olaraq aşılanması cəmiyyət üzərində müsbət qalıcı təsirlərlə xarakterizə olunur.

Dünya təcrübəsinə nəzər saldıqda rəqəmsal vərdişlərin artırılması və bu vərdişlərin cəmiyyətin istənilən kəsiminə aşılanması istiqamətində müxtəlif yanaşmaların tətbiq olunduğunu görə bilərik. Bu yanaşmalar böyük mədəniyyətlərin mövcud olduğu şəhərlərlə yanaşı, insanların daha az məskunlaşdığı, internetin daha az əlçatan olduğu bölgələrdə də tətbiq olunur.

Britaniya Kolumbiyası Universitetinin dosenti Eric M.Meyers bu yanaşmaları sistemləşdirərək rəqəmsal savadlılığın istər böyük şəhərlərdə, istərsə də kiçik ərazilərdə artırılmasının həll yolunu keyfiyyətli orta və ali təhsildə görür.

Alim məqalələrində xüsusi olaraq qeyd edir ki, rəqəmsal biliklərin mövcudluğu insanlar və cəmiyyət üzərində güclü təsirə malik olduğundan bir çox ölkələrdə müxtəlif bacarıq və vərdişlər təlim-tədris dövründən formalaşdırılmağa başlanılmalıdır. Bu yanaşmada ən önəmli məsələ dünya təhsil sistemində baş verən yeniliklərin mütəmadi olaraq izlənilməsi və tətbiq edilməsidir. Hazırda bu metoddan ali təhsil səviyyəsində daha çox istifadə olunsa da, bilik və bacarıqların orta təhsil səviyyəsində tətbiqi də gələcək hədəflərdəndir. Hazırda dünyada tələbələrə rəqəmsal platformalardan düzgün istifadə bacarıqları, təhsilin və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması kimi rəqəmsal xidmətlərdən istifadə vərdişləri aşılanır.

Xarici dövlətlərlə yanaşı, Azərbaycanda da son dövrlərdə əhaliyə göstərilən bir çox xidmətlərin elektronlaşdırılması və insanlar arasında rəqəmsal maarifləndirmənin artırılması prosesi davam edir. Bu prosesə ən gözəl nümunələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) fəaliyyətidir.

“ASAN xidmət” əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, bölgələrdə elektron proseslərin əlçatanlığının təmin edilməsinə xidmət edir. Əhalinin elektron xidmətlərdən daha geniş istifadə etməsi “ASAN xidmət”in hədəflərindən biridir. Dövlət Agentliyi özünə missiya olaraq dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmağı seçib.

“ASAN Xidmət” tərəfindən elektron xidmətlərin, eləcə də Elektron hökumətin inkişafı sahəsində Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsi (CAHAI), Avropa İttifaqı, “TÜRKSAT” e-Hökumət və İnformasiya Birliyi, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatı (UCLG-Africa) və Qazaxıstan Respublikasının Astana Dövlət Xidməti Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, Dünya İqtisadi Forumunun illik tədbirində iştirak edilib. Bununla yanaşı, Almaniya Federativ Respublikasının GİZ (Beynəlxalq Əməkdaşlıq üçün Alman Korporasiyası) təşkilatı ilə əməkdaşlıq edilib.

“ASAN xidmət” respublika üzrə həyata keçirdiyi siyasəti bölgələrdə də uğurla davam etdirir. 2013-cü ilin iyunun 1-dən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək məqsədilə zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur.

Həmçinin, 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda, təxminən üç ay sonra, Bərdədə "ASAN xidmət" mərkəzlərinin açılışı olub. 2016-cı ildə Masallı və Qəbələdə də "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2017-ci ildə Qubada, 2018-ci ildə Mingəçevirdə, İmişlidə və Şəkidə, 2019-cu ildə Şamaxıda, 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb.

"ASAN xidmət" vətəndaşlara xidmətdən başqa digər sahələrə də öz töhfəsini verir, insanların maarifləndirilməsi istiqamətində ciddi addımlar atmasıyla fərqlənir.

Rəqəmsal savadlılığın artırılması istiqamətində digər mühüm addım reallaşdırılan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş “Rəqəmsal Jurnalistikaya doğru” proqramıdır. Proqramın məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Mən də 13-16 iyul 2021-ci il tarixlərində keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının iştirakçısı oldum. Çalışdığım onlayn media rəqəmsal jurnalistikanın bir hissəsi olduğu üçün bu proqram mənim üçün çox faydalı oldu. Spikerlərin bir birindən maraqlı çıxışları, sahələri üzrə ətraflı məlumat vermələri, öz tərcübələrindən danışmaları və bizim bütün suallarımıza cavab vermələri rəqəmsal jurnalistka ilə bağlı daha da məlumatlanmağımıza gətirib çıxardı.

Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ölkəmizə təsir etdi. Pandemiyanın zərərləri ilə xeyirləri də oldu. Pandemiyanı xeyirli tərəflərindən biri rəqəmsallığın inkişafı oldu. Belə ki, ölkədə xüsusi karantin rejimi tətbiq olunan zamanı Dövlət və özəl təşkilatlar tərəfindən xüsusi karantin rejimi dövründə fəaliyyət göstərə bilməsi üçün öz əməkdaşlarına icazə əldə etmək məqsədilə icaze.e-gov.az portalı istifadəyə verildi.

Bu portalın da əhalimizin rəqəmsal savadlığının artırılmasında önəmli rolu oldu. Dövlət və özəl qurumlarda çalışanlar icazələrininin doğruluğunu təstiqləmək üçün portala daxil oldular, bununla da digər elektron vasitələrlə tanış olmaq imkanı əldə edildi. Belə ki, Dövlət təşkilatları və özəl təşkilatların möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalına “ASAN Login” vasitəsilə daxil olur. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə həyata keçirilir. Vətəndaş isə çalışdığı təşkilat və ya qurum tərəfindən alınmış icazələrin statusuna baxmaq üçün www.mygov.az saytından qeydiyyatdan keçirdi. Bu portalda isə vətəndaş özü ilə bağlı məlumlatları da əldə edə bilir. Xüsusi karantin rejimi yumşaldılsa da e-gov.az, mygov.az portallarına maraq azalmadı, belə ki, koronavirusa yoluxanlar və ya koronavirusa qarşı vaksin vurduranlar COVİD-19 sertifikatlarını adını adını çəkdiyimiz portallardan da əldə etmə imkanına malik oldular.

Tahir Mirkişili: “Ölkəmizdə əhalinin 80%-dən çoxunun internetə çıxışı var”

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəqəmsal savadlılığın inkişafı müəyyən edən əsas amillərdən birinə çevrilməkdə olduğu qənaətindədir. Deputatın sözlərinə görə, bütün dünyada şəhərlər və kəndlər, paytaxt və regionlar, eləcə də qitələr arasında "rəqəmsal uçurum" mövcuddur və bununla mübarizə getdikcə artır: “Azərbaycanda İKT-nin inkişafına daim xüsusi diqqət ayrılıb, bir çox innovativ layihələr həyata keçirilib. Təsadüfi deyil ki, ölkəmizdə əhalinin 80%-dən çoxunun internetə çıxışı var. Sürət və keyfiyyət baxımından müəyyən çətinliklər olsa da, əhatəlilik, düşünürəm ki, qənaətbəxşdir. Təcrübə göstərir ki, məhz əhatəlilik və sürət müxtəlif xidmət platformalarının inkişafı üçün mühüm şərtdir”.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda ev təsərrüfatlarının 79.1%-nin internetə çıxış imkanları mövcuddur: “Ev təsərrüfatlarının 65%-i isə kompüterlərə sahibdir. Bu rəqəm Bakı və Abşeronda 98%-ə yaxın olsa da, regionlarda 50%-ə yaxındır. İllik gəliri 5000 manatdan çox olan ev təsərrüfatları kompüter parkının 80%-nə sahibdirlərsə, kompüter parkının 40%-i illik gəliri 2500-5000 manat olan ev təsərrüfatlarına aiddir. Yəni daha kiçik ev təsərrüfatları daha az texnologiyalara çıxış imkanına sahibdirlər. Bu isə onların texnoloji inkişaf prosesindən geridə qalmasına səbəb ola bilər. Bu məsələyə xüsusi diqqət vermək vacibdir”.

Deputat Azərbaycanda elektron bilik və bacarıqların əldə edilməsində ən böyük mənbənin istifadə etmək yolu ilə özü-özünə öyrənmək olduğunu vurğulayıb: “Rəqəmsal savadlılığın əldə edilməsində ikinci ən böyük pay təhsil ocaqlarına aiddir – 27%. Ölkəmizdə rəqəmsal savadlılığa sahib olan istifadəçilərin cəmi 9%-nin ilkin proqramlaşdırma vərdişləri var. Halbuki, müasir elektron xidmətlər istifadəçilərin daha çox proqramlaşdırma vərdişlərinə sahib olmalarını tələb edir”.

Təklif: “Regionlarda xüsusi ixtisaslaşmış rəqəmsal bilik təqdim edən tədris müəssisələrinə böyük ehtiyac var”

Tahir Mirkişili bölgələrdə rəqəmsal savadlılığın artırılması istiqamətində bir sıra vacib təkliflərlə çıxış edib: “Düşünürəm ki, ölkəmizdə ilk növbədə rəqəmsal savadlılığın artırılmasında təhsil müəssisələrinin rolunu daha da artırmaq lazımdır. Tədris proqramlarını daim yeniləmək və müasir texnologiyalardan regionlarda da daha çox istifadə etmək lazımdır. Etiraf etmək lazımdır ki, hazırda Bakıda bu cür təhsil xidmətlərinə əlçatanlılıq regionlara nisbətən xeyli yüksəkdir. Bu baxımdan bölgələrdə xüsusi ixtisaslaşmış rəqəmsal bilik təqdim edən tədris müəssisələrinə böyük ehtiyac var. Bunlar özəl müəssisələr də ola bilər.

Digər tərəfdən, startapların maliyyə əlçatanlığını vençur fondlar hesabına xeyli genişləndirmək lazımdır. Eyni zamanda innovativ ideyaya malik gənclərin bu ideyaları kommersiyalaşdıra bilməsi üçün patentləşmə sisteminin inkişafına və patent bazarının inkişafına ehtiyac var”.

Millət vəkili müasir dövrdə inkişafı rəqəmsal ideyalar olmadan təsəvvür etməyin mümkünsüzlüyü barədə də danışıb: “Rəqəmsal savadlılığın mühüm özəlliyi hər kəs üçün yaşadığı yerdən asılı olmayaraq bərabər imkanların yaradılmasıdır. Regionlarda rəqəmsal savadlılığın artması insanların öz yaradıcı ideyaları hesabına maddi imkanlar əldə etməsinə, öz xidmətlərini və ideyaların daha geniş auditoriyaya təklif etməsinə gətirib çıxarır. Digər tərəfdən, regionlardakı ev təsərrüfatlarının rəqabətdə uduzmamasına, paytaxt və digər bölgələrlə bərabər səviyyədə xidmət göstərməklə daha çox investisiya cəlb edərək rifahın yaxşılaşmasına səbəb olur.

Daha savadlı kadr, həm də daha yüksək maaş deməkdir. Texnoloji biliklərə sahib insanların kapital dəyəri bütün dünyada daha yüksəkdir. Azərbaycanda İT infrastrukturun inkişafı bütün bu dediklərimə sahib olmağa əsasən imkan yaradır. Bu istiqamətdəki dövlət siyasəti də stimullaşdırıcı funksiya yerinə yetirir. İnsanlarımızın bu imkanlardan istifadə edib özlərini gələcəyə hazırlamaları günümüzün əsas çağırışlarındandır!”.

Ufuk Batum: “Bölgələrdə texnoparklar və innovativ mərkəzlər qurulmalıdır”

Ufuk Batum

Türkiyənin Boğaziçi, ODTÜ universitetinin müəllimi, ABŞ, Fransa, İtaliya, Türkiyə və Asiyada fərqli şirkət və təhsil sektorlarında 15 texnopark qurucusu, CEO, beynəlxalq dərəcəli ekspert Ufuk Batum rəqəmsallaşmanın önəmindən danışarkən qeyd edib ki, bir çox cəmiyyətlərdə hələ də bu qüvvətli dinamikaya laqeyd yanaşılır: “2020 və 2021-ci illərdə pandemiya ilə bərabər təhsil müəssisələri, universitetlər, dövlətlər, ticarətçilər və cəmiyyətin digər üzvləri bu çətin zamanların tək çarəsinin elektron xidmətlər olduğunun fərqinə vardı. Bu səbəbdən rəqəmsallaşma istiqamətində göstərilən səylər və təklif olunan investisiyalar misliylə artmağa başlayıb.

Pandemiya gözlənilmədən ortaya çıxıb və özəlliklə də inkişaf etmiş ölkələrdə gözlənilməz zərərlərə yol açıb. Türkiyə kimi güclü sənayəsi olan çox az sayda dövlət pandemiya böhranından daha az ziyanla və müsbət nəticələr əldə edərək “qurtulmağa” nail olub.

Türkiyədə 15.000-ə yaxın texnoloji şirkətlər sərt karantinlərin tətbiq edildiyi vaxt elektron dövlət proqramlarından tutmuş elektron ticarətə, rəqəmsal təhsilə qədər fərqli istiqamətlərdə müsbət nəticələr sərgiləyib”.

Ufuk Batum dünya və Türkiyə təcrübəsini ümumiləşdirərək Azərbaycanda son zamanlarda müşahidə olunan inkişaf dinamikası ilə bölgələrdə də rəqəmsal savadlılığın arıtırılması istiqamətində bir çox işlərlərin görülə biləcəyi qənaətindədir.

Təkliflər: Texnologiyanı, innovasiyaları orta məktəb səviyyəsinə qədər endirmək və tədris proqramına daxil etmək; Elektron hökumət tətbiqetmələrini bütün istiqamətlər üzrə genişləndirmək; Rayonlarda teknoparklar və innovativ mərkəzlər qurmaq; Təhsilin və tədris proqramlarının bir qismini rəqəmsal platformalara inteqrasiya etmək; Davamlı təhsil və davamlı inkişaf mədəniyyətini cəmiyyətdə daim inkişaf etdirmək; Təlimçilər, məsləhətçilər və mentorlar şəbəkəsi yaradaraq dünyanın istənilən nöqtəsindən sistəmə girişi təmin etmək; Gənc kadrlarda sahibkarlıq ruhu yaratmaq və cəmiyyətə rol modelləri formalaşdırmaq”.

Bütün araşdırmalar nəticəsində çıxan ümumi nəticəyə əsasən istər böyük sivilizasiyalarda, istərsə də bölgələrdə rəqəmsal savadlılığın artırılması təhsilin keyfiyyətinin yüksəldilməsi ilə paralel şəkildə həyata keçirilməlidir. Unutmamalıyıq ki, istənilən cəmiyyətin inkişafının təməlində keyfiyyətli təhsil, eləcə də düzgün və vaxtında maarifləndirmə dayanır.

Mənbələr:

https://www.digital.gov.az/az/projects/our-projects/icazelerin-alinmasi-ve-monitorinqi-sistemi

“Asan.gov.az”

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci ilin nəticələrinə dair hesabatı

Marianne Stenger - Londonda fəaliyyət göstərən yazıçı və jurnalist, “7 Ways to Teach Digital Literacy”

David Buckingham - Loughborough Universiteti, İngiltərə - “Defining digital literacy: What do young people need to know about digital media?”

Eric M. Meyers - Britaniya Kolumbiyası Universitetinin dosenti – “Digital literacy and informal learning environments”

Zaliha İnci Karabacak, Ayşe Aslı Sezgin - “Türkiye`de dijital dönüşüm ve dijital okuryazarlık”

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

Müəllif: Qafar Ağayev

Tarix: 24.07.2021

Paylaş:
1188

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər