“Revanşist qüvvələr yenidən silaha əl atsalar, adekvat cavab alacaqlar!” - Arzu Nağıyev
Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını etməsi, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Memorial Kompleksin və şəhərin bərpasının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirakı Ermənistan hakimiyyətinin canına sözün əsl mənasında vəlvələ salıb.
1news.az xəbər verir ki, öz uydurduqları yalana özlərinin də inanması kimi şizofren olan işğalçı hakimiyyətin dağıdaraq xarabalığa çevirdiyi Qarabağımızın bu gün yenidən bərpa edilməsi, dünya dövlətlərinə kimin haqlı, kimin haqsız olduğunu sübut etdi. Necə deyərlər, mənim olan mənimdirsə, qədrini də mən bilərəm və ya zər qədrini zərgər bilər. Ermənista zaman-zaman bu torpaqlarda vəhşilik törətməsi ilə açıq şəkildə göstərmiş oldu ki, Qarabağ əbədi və əzəli Azərbaycan torpaqlarıdır.
Məsələ ilə 1news.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirdi ki, Cənab Prezidentin işğaldan azad olunan ərazilərə səfəri böyük əhəmiyət kəsb edir:
“Müharibənin hərbi fazası bitsə də, informasiya müharibəsi davam edir. Biz bu səfərlər çərçivəsində tikinti-quruculuq işlərində necə iştirak etdiyimizi bir daha göstəririk. Məlumdur ki, dövlət başçısının Cəbrayıl səfərində də cidd infrastrukturların təməlqoyma mərasimləri keçirildi, sakinlərlə görüşlər oldu, gələcəkdə Cəbrayılın hansı istiqamətdə inkişafı ilə bağlı plan müzakirə olundu.
Məhz Cənab Prezident Cəbrayılla bağlı və onun işğaldan necə azad olunması ilə bağlı mesajlar verdi. Ermənistana və onun havadarlarına bir daha bəyan etdi ki, baxmayaraq ki, müharibənin hərbi fazası bitib, revanşist qüvvələr yenidən silaha əl atsalar, adekvat cavab alacaqlar. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmək işi ilə məşğuldur. Bu gün qarşıda duran məsələlər Qarabağın minalardan təmizlənməsi, infrastrukturların bərpası, kommunikasiyaların açılması və digər məsələlərdir”.
Aytən Sakitqızı