Binəli Yıldırım bölgədəki vəziyyətdən DANIŞDI: “Ermənistandan pozitiv mesaj gəlir, amma...”
“Azərbaycanın əldə etdiyi zəfər çox böyük bir uğurdur”.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.
“Böyük bir işğalçılıq sona çatdırılıb. Bundan sonra sülh danışıqlarının uğurla davam etdirilməsi önəmlidir. Ona görə, Ermənistanın köhnə yuxuları görmək kimi bir yanlışın içinə düşməməsi lazımdır. Türkiyə hər zaman olduğu kimi bu gün də, sabah da qardaş Azərbaycanın yanındadı və hər zaman da yanında olmağa davam edəcək.
B.Yıldırım deyib ki, Rusiyanın üzərinə böyük məsuliyyət düşür.
“Bölgədə Rusiyanın müəyyən qədər söz sahibi olması bilinir. Ədalətli danışmaq lazımdır, cənab Putin 44 günlük müharibədə çox rasional, çox gerçəkçi bir mövqe sərgilədi. 30 illik qanayan bu yaranın dayandırılması üçün ciddi səy göstərdi. İndi də atəşkəsə nəzarət edilməsi, Laçın koridoru, Zəngilan koridorunun həyata keçirilməsi üçün Rusiya, Türkiyə və Azərbaycanın üzərinə böyük yük düşür. Təbii ki, cənub qonşu İranı da hesaba qatmaq lazımdır. Sülhün qalıcı olması üçün İranın da mövqeyi önəmlidir. Bəziləri İranla Azərbaycan arasında gərginlik çıxarmağa çalışırlar, buna imkan vermək lazım deyil”.
O, bildirib ki, bu bölgənin əhəmiyyəti sadəcə 6 ölkəni maraqlandırmır.
“Bu bölgənin əhəmiyyəti Çindən Avropaya, İngiltərəyə qədər tarixi ipək yolunun üzərində yerləşməsindədir. Buradakı bütün əməkdaşlıqlar dünyanın ən şərqindən ən qərbinə qədər bütün ölkələri dərindən maraqlandırır”.
“Ermənistan tərəfindən mina xəritələri verilsə də, məlumatlar yetərsizdir. Bu, bir insanlıq məsələsidir, insan həyatı ilə bağlıdır. Mina xəritəsi verilsə də, verilməsə də bir şəkildə bu ərazilər minalardan təmizlənəcək. Türkiyə də bu məsələdə pilotsuz minaaxtarma aparatları ilə öz dəstəyini verir. Ümidimiz tezliklə orada infrastrukturun sürətlə tamamlanması, yolların, hava limanlarının, internetin xətlərinin, ağıllı bina və şəhərlərin tikintisinin həyata keçirilməsidir. Hədəf məcburi köçkünlərin tezliklə öz yurdlarına dönmələridir”.
B.Yıldırıb deyib ki, Ermənistandan Türkiyəyə müsbət mesajlar gəlsə də, yetərsizdir.
“Ermənistanda gələn pozitiv mesajlar var, yaxşı niyyətli açıqlamalar var. Amma bu yaxşı niyyətin əməldə olması lazımdır, gözləntilərimiz budur. Qarabağ məsələsi həll olduğuna görə, bizim də Ermənistana baxışımız müsbətdir. Dolayısıyla bu fürsəti qarşılıqlı dəyərləndirməyimiz lazımdır. Biz Ermənistana qapımızı açırıq, bu fürsət dəyərləndirilərək, Ermənistan xalqının sıxıntıları da aradan qalxmalıdır. Regionda bir ölkə rahat deyilsə, o regionun hamısı rahat deyil. O baxımdan görəcəyimiz çox iş var, gələcəyə fokuslanmalıyıq, gələcəyi inşa etməliyik. Gələcək nəsillər bizdən müharibə səsləri deyil, sülh və qardaşlıq istəyirlər”.