Rəhman Hacıyev: “Biz Qarabağımızı keçmişdə olduğundan daha gözəl bərpa edəcəyik”
Düz bir il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq və qeyd-şərtsiz qələbəsi XX-XXI əsrlər tarixinin ən qanlı və faciəvi hadisələrindən birinə - Ermənistanla uzun sürən münaqişəyə böyük nida işarəsi qoydu.
2020-ci ilin sentyabrından noyabrına qədər 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusunu sarsıdıcı məğlubiyyətə uğratmış, onu darmadağın və faktiki olaraq məhv etmişdir.
Kimsə televizor ekranı qarşısında, kimsə radioya qulaq asaraq, kimsə Azərbaycan Respublikası Prezidentinin rəsmi Tvitter səhifəsini durmadan yeniləyərək, cəbhədən xəbər gözlədiyimiz bu günləri hər birimiz xatırlayırıq.
O günlərdə qəhrəmanlarımız Azərbaycan xalqının yeni tarixini yazırdılar.
Bir müqəddəs Qələbənin tarixini.
Bu gün nə desək belə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edən Müzəffər Azərbaycan Ordusunun şücaəti qarşısında bütün dediklərimiz solğunlaşacaq.
Bu Qələbəni, bu torpağı müqəddəsləşdirən məhz Vətən uğrunda döyüşmüş bacı-qardaşlarımızın qanı oldu.
İndi bizim qazilər, şəhidlərimizin qarşısında borcumuz Qarabağı əvvəlkindən də gözəl dirçəltməklə başladıqları işi başa çatdırmaqdır.
Son bir ildə Qarabağda yüzlərlə kilometr yol çəkilib, bir çox tarixi abidələr bərpa edilib, hava limanı inşa olunub, ilk “ağıllı kənd”in tikintisi demək olar ki, başa çatıb.
Bütün bunlar inanılmaz sürətlə baş verir və bu bölgəyə gələn hər kəsi heyran edir.
Və bu yalnız başlanğıcdır!
Əminəm ki, Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya sübut edəcək ki, biz təkcə qalib xalq deyilik, həm də öz tarixi missiyasını Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində görən yaradıcı xalqıq.
Hər zaman belə olub, bundan sonra da belə olacaq.
Və heç kimin şübhəsi olmasın, biz öz doğma Qarabağımızı mütləq bərpa edəcəyik. Biz onu keçmişdə olduğundan daha gözəl bərpa edəcəyik.
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!
Müəllif: Rəhman Hacıyev