Dünyanın ilk elektrik tankeri suya buraxıldı - FOTO
Yaponiyanın "Koa Sangyou" gəmiqayırma şirkəti dünyanın ilk elektrik tankerini suya buraxıb.
1news.az APA-ya istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.
Bu münasibətlə Kaqava prefekturasında yerləşən (Sikoku adası) gəmiqayırma zavodunda mərasim keçirilib.
Gəmi "Asahi Tanker" şirkətinin sifarişi ilə tikilib və onun şərəfinə "Asahi" adlandırılıb.
Tankerin uzunluğu 62 m, neft məhsulu anbarının həcmi isə 1,28 min kubmetrdir, ümumi gücü 3480 kVt olan litium-ion batareyaları ilə təchiz olunub.
Tanker 150-180 km məsafə qət etməyə qadirdir və tam doldurulması üçün təxminən 10 saat vaxt lazımdır.
Həmçinin, gəmi fövqəladə hallar zamanı ondan elektrik enerjisi mənbəyi kimi istifadə etməyə imkan verən sistemlərlə təchiz olunub.
Bundan əlavə, elektrik mühərriklərindən gələn vibrasiya və səs-küy adi mühərriklərdən xeyli aşağıdır ki, bu da onun ekipaj üçün daha rahatlıq yaradır.
"Asahi"nin gələn ilin mart ayından Tokio körfəzində böyük transokean gəmilərinə yanacaq doldurmaq üçün istifadə ediləcəyi gözlənilir.
1news.az