İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi İlham Əliyevi təbrik edib
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Altmış illik yubileyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan, ali dövləti vəzifənizdə Sizə yeni uğurlar diləməkdən böyük şərəf hissi duyuruq.
Zati-alinizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin inkişafı ilə bağlı qəti mövqeyinin ifadəsi olaraq 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsi, onun İƏT-in filialı olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına güclü dəstəyin davam etdirilməsi, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilməsi regionun digər liderləri üçün nümunədir. Gənclər Forumunun təsis olunmasını Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qəbul etməyiniz bizi çox qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti olaraq bizə göstərdiyiniz etimadla, dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.
Müzəffər Ali Baş Komandan, Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad edib və 30 ildən çox davam etmiş ədalətsizliyə son qoyub. Bu Zəfəri təkcə Azərbaycan xalqı deyil, bütün İslam dünyasının gəncləri qeyd edirlər. Zati-alinizin azad edilmiş ərazilərin dirçəldilməsi ilə bağlı xoşməramlı planları və təqdirəlayiq mövqeyi bizdə xoş təəssüratlar yaradır.
Bu əlamətdar gündə İƏT ölkələrinin həmrəyliyinə göstərdiyiniz dəstəyə, eləcə də qardaş Azərbaycan xalqının inkişafı naminə nəcib fəaliyyətinizə görə Sizə bir daha ən xoş arzularımızı bildirməkdən şərəf hissi duyuruq.
Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.
Sizə olan ən yüksək ehtiramımızı və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik”.