“Azəriqaz”ın 2,4 milyonuncu abonentinin adı məlum olub - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2,4 milyonuncu abonentinin adı məlum olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Azəriqaz” məlumat yayıb.
O, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil İsgəndərova Canəkbər qızıdır. Ailənin maddi durumunda sıxıntılar olduğundan “Azəriqaz” İB bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub. Bu məqsədlə Birliyin Baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov abonentin fərdi yaşayış evini ziyarət ediblər.
Görüş zamanı Ruslan Əliyev tərəfindən abonentin ailə başçısına təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. Birliyin Baş direktoru ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlanıb. Ailənin maddi durumunun çox ağır olduğunu öyrənən Birlik rəhbəri ailə başçısı Bəhruz Zalovun “Azəriqaz” İB-də müvafiq işlə də təmin olunacağını bildirib. Ailə başçısı belə bir həssas dönəmdə ona diqqət göstərdiyinə görə “Azəriqaz” İB-nin rəhbərinə minnətdarlığını bildirib.