“Mehriban Əliyeva hər bir Azərbaycan vətəndaşının qəlbində yer tapan nəciblik simvoludur” – Tural İsmayılov
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban xanımın Birinci vitse-prezident kimi gördüyü işlər 5 il ərzində cəmiyyət tərəfindən daim təqdir olunub.
1news.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq Tural İsmayılovun sözlərinə görə, Mehriban Əliyevann ictimai-siyasi fəaliyyəti və gördüyü işlər ölkəmizdən kənarda da daim rəğbət doğurub:
“Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu həm ölkəmizdə, həm də ölkəmizdən kənarda böyük işlər görüb. Mehriban xanımın nəcib humanitar fəaliyyətləri, savadı, gördüyü işlərin miqyası xalqımız tərəfindən görünür və daim qiymətləndirilir. Mehriban Əliyeva hər bir Azərbaycan vətəndaşının qəlbində yer tapan nəciblik simvoludur.
Mehriban xanım cəmiyyətin müxtəlif təbəqələri ilə daim görüşlərdə olur, insanların ona olan sevgisi göz qabağındadır. Bu gün Azərbaycanın mərkəzindən, paytaxtın ən orta nöqtəsindən ucqar kəndimizə qədər- hər bir ərazidə yaşayan insanlarımızın Mehriban xanıma olan sevgisi danılmazdır.
Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” fikri onun fəaliyyətinin əsasında dayanır. Məhz Mehriban xanımın fəaliyyəti nəticəsində Heydər Əliyev Fondu bütün dünyada çox önəmli layihələrə imza atıb. Bütün bunların sayəsində ölkəmizin beynəlxalq arenada mövqeləri daha da güclənib”.
Ekspert bildirib ki, Mehriban Əliyevanı uşaqdan böyüyə qədər hər kəs sevir: “Mehriban xanım insanlığı, humanistliyi, sadəliyi, intellekti və bacarıqları ilə xalqımızın könlündə yer edib. Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını artırıb. Mehriban xanımın fəaliyyəti sayəsində bu gün bu institut dövlətçiliyimiz üçün müstəsna əhəmiyyət kəsb edir”.
1news.az