PAŞA Holding-in dəstəyi ilə “CARE GROUP” Psixoloji Dəstək Mərkəzi və Pasient Təşkilatları İttifaqı tərəfindən “Gənc Yazarlar” layihəsi reallaşdırılıb - FOTO
Pasient Təşkilatları İttifaqının üzv təşkilatları olan Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının və Leykemiya ilə Mübarizə İctimai Birliyinin 50 azyaşlı uşaqları layihədə fəal iştirak ediblər.
Sosial problemlərin həlli üçün layihələr həyata keçirən “CARE GROUP” şirkətinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə hemofiliyalı və leykemiyalı uşaqlar üçün dünya təcrübəsinə əsaslanan “Art Terapiya” üsulu ilə psixoloji təlimlər keçirilib.
Layihə çərçivəsində psixoloji durumu yaxşılaşdırmaq və qorxu hissini aradan qaldırmaq üçün hemofiliyalı və leykemiyalı uşaqlarla xüsusi təlimlər keçirilmişdir.
“CARE GROUP”un tərtib etdiyi xüsusi təlimlər nəticəsində uşaqlarla “Nağıl Terapiyası”, “Art Terapiya və Koqnitiv Davranış Terapiyası” aparılıb.
Karantin şərtlərinə əməl edərək təlimlər kiçik qruplar şəklində həyata keçirilib. Bundan əlavə, regionlarda (Gəncə, Ağstafa, İmişli, Füzuli, Cəlilabad, Sumqayıt və digər) yaşayan uşaqlar təlimlərə onlayn olaraq qatılmaq imkanı əldə ediblər.
Təlimlərin ilk mərhələsinin sonunda uşaqlara öz xəyallarında əks olunan nağılları yazmaq təklif olunub ki, bunun nəticəsində, çoxlu sayda istedadlı uşaqlar və maraqlı nağıllar ərsəyə gəlib.
Uşaqların yazdıqları nağıllar “CARE GROUP” şirkəti tərəfindən çap edilərək nağılları yazan uşaqlara və kitab mərkəzlərinə təmənnasız olaraq veriləcək.
Məqsəd, uşaqların yazdıqları nağıllardan ibarət olan kitabları dərc edərək, özlərinə təqdim edib, nəticədə özlərinə olan inam və güvənci artırmaqdır.
Qeyd edək ki, uşaqları növbəti maraqlı təlim mərhələlərində iştirak etməyə daha da həvəsləndirmək məqsədilə, hazırki təhsil prosesində zəruri olan elektron planşetlər hədiyyə edilmişdir.
Kitaba baxmaq və yükləmək üçün bu linkə keçid etmək lazımdır.
Uşaqlarımızın xoşbəxt gələcəyi üçün!