Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və onun Quru Qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov fevralın 23-də Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu, universitetin Müştərək Hərb İnstitutunun rektoru general-leytenant Olcay Yılmaz, Quru Qoşunları İnstitutunun rektoru general-mayor İlker Görgülü, Hərbi Hava Qüvvələri İnstitutunun rektoru general-mayor Ender Kartal, Hərbi Dəniz Qüvvələri İnstitutunun rektoru kontr-admiral Rafet Oktar ilə görüşüblər.
Azərbaycanın Ankaradakı səfirliyindən 1news.az-a bildiriblər ki, görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunan məktəblərdə Qərargah zabiti, Qərargahın idarəedilməsi kurslarında, eləcə də magistr təhsili alan azərbaycanlı zabitlərlə də görüş keçirilib. Zabitlərin təlim-tədris prosesi, məişət şəraiti, qarşılaşdıqları çətinliklərlə bağlı müraciətləri dinlənilib.