Sevinc Fətəliyeva: Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir
“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə mayın 14-də etdiyi işgüzar səfər əlamətdar hadisələrlə yadda qaldı. İlk növbədə dövlətimizin başçısı qardaş ölkədə böyük coşğu ilə qarşılandı. Bu səfər, Azərbaycan və Türkiyə prezidentlərinin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı bir millətin iki dövlətinin eyni hədəflər uğrunda ortaq siyasi iradə sərgilədiyini, dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir. Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Önəmli məqamlardan biri regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda formalaşmasıdır. Rəsmi Bakı ilə Ankaranın vacib təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır.
Onun sözlərinə görə, iki qardaş dövlətin ortaq siyasi iradəsi əsasında yeni platformalarının formalaşdırılması da aktualdır. Məlumdur ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “3+3” formatında işbirliyi platforması müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən danışıqlar və görüşlər də keçirilib. Amma regionda baş verən mürəkkəb proseslər yeni çağırışlar da yaradır. Burada yenə iki ölkənin iradəsi və mövqeyi həlledicidir. Bütövlükdə, Bakı ilə Ankaranın geosiyasi iradəsi vacib regional məsələlərin həllini təmin edir.
“Prezident İlham Əliyev hava limanınn açılışı zamanı etdiyi çıxışda bildirdi ki, “biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi”. Ümumiyyətlə, analitiklərin diqqət yetirdikləri və proseslərin, o cümlədən Rize-Artvin Hava Limanının açılışının əks etdirdiyi mühüm reallıqlardan biri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında lider amilinin həlledici olmasıdır. Belə ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni strateji üstünlüklər yaradır. Bütövlükdə, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər”,-deyə S.Fətəliyeva vurğulayıb.