“Artıq bütün dünya 44 günlük müharibənin reallıqlarını qəbul edir” - Sevinc Fətəliyeva
“Tarixi şəhərimiz, Qarabağın incisi olan Şuşa şəhəri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İşğaldan azad olunandan sonra Şuşa bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Mayın 22-də isə bu tarixi məkanda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.
Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edib. Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Xarici qonaqlar bu ərazilərə səfər edərkən erməni vandalizminin canlı şahidi olurlar.
Millət vəkilinin sözlərinə görə, üçtərəfli format bizim münasibətlərimiz üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir:
“Şuşa şəhərində bu formatda iclasın keçirilməsi isə böyük önəm kəsb edir. Bu o deməkdir ki, artıq bütün dünya 44 günlük müharibənin reallıqlarını qəbul edir. Artıq tarixi şəhərimiz olan Şuşa şəhəri beynəlxalq tədbirlər məkanı kimi özünü təsdiqləyib. Burada yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunduğunu nəzərə alsaq, belə tədbirlərin keçirilməsi xüsusilə əlamətdardır. Şuşada keçirilən tədbirlərə gələn xarici qonaqlar da erməni vandalizmini öz gözləri ilə görürlər. Ermənilər 28 illik işğal dövründə Şuşanı nə qədər özününküləşdirməyə çalışsalar da, buna nail olmadılar. Şəhər öz milli və tarixi keçmişini, qürurunu qoruyub saxladı. Şuşa Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz sayəsində işğaldan azad olundu. Hazırda Şuşanın bərpası istiqamətində böyük işlər görülür. Burada beynəlxalq tədbirlərin keçirilməsi də göstərir ki, bütün dünya Qarabağın, Şuşanın Azərbaycan xalqına məxsus olduğunu aydın şəkildə dərk edir. Prezidentimizin dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq”.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilən VII üçtərəfli iclasında səmərəli müzakirələr aparıldı: “İclas iştirakçıları, xüsusilə Türkiyə və Gürcüstan parlamentariləri toplantının Şuşada keçirilməsindən məmnunluq ifadə etdilər”.
1news.a