Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi

11:54 - 30 / 05 / 2022
Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi

“İki dost, qardaş, müttəfiq ölkələr- Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər.

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Nəzərə alanda ki, “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi əldə rəhbər tutan bir ideya, ruhdur, bu halda gələcəkdə dostluğumuzun, qardaşlığımızın daha da möhtəşəm olacağını artıq indidən aydın görür və bundan qürur hissi keçiririk. Hər bir inkişafın, tərəqqinin təməlində bilik, yeni texnologiyalar, yeni ideyalar dayanır. İki qardaş ölkələrimiz daim yeniliyə, müasirliyə meyil göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı inkişafları ilə diqqətdə olur. Dövlət başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət baçısı özünün şəxsində bildirdi ki, fəaliyyətində həmişə Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın müstəqil siyasətini təqdir edib. Hər iki ölkənin dövlət başçılarının qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına örnəkdir.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, festivalda səsləndirildiyi kimi, gənclər “TEKNOFEST”in keçirilməsində bir daha dünyaya türkün gücünün göstərilməsi istəklərini ifadə edirlər: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, ötən il dünyaya səs salan Şuşa Bəyannaməsinin imzalanması əsasında rəsmiləşən müttəfiqliyi ilə hər zaman digər ölkələrə örnəkdir. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin bir yerdə olmaları, çoxəsrlik tariximizi birgə vərəqləmələri, “Bir ananın iki oğlu, bir ağacın iki qolu” kimi dəyərləndirilən Azərbaycanın və Türkiyənin inkişaf yolunu birgə təhlil etmələri qürurverici olmaqla yanaşı, bugünümüz, gələcəyimiz üçün bir təminatdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Ən əsası müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh, inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq. “TEKNOFEST” birliyimizin növbəti nümayişi, təzahürüdür” söyləyən dövlət başçısı, həmçinin bildirdi ki, “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” fikirlərinə yönəldərək bildirib ki, bu dəyərləndirmənin həyatiliyinə əmin olmaq üçün təkcə çox da uzaq olmayan tarixə, 2020-ci ilin 27 sentyabr tarixindən bugünədək iki qardaş ölkənin bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir: “Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır. Amma dünya siyasətinə nəzər salanda bəzən bunun əksini görürük. Xüsusilə bəzi dünya gücləri hər zaman belə bir tezisi gündəmdə saxlamağa çalışırlar: “Siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur”. Azərbaycan və Türkiyə nümunəsi bu yanaşmadan fərqli olaraq bir daha sübut edir ki, siyasətdə əbədi maraqlar hər zaman olmaya bilər, əbədi dostlar isə həmişə var.”

Vüqar Rəhimzadə “TEKNOFEST”in Azərbaycan-Türkiyə münasibətlərinin təqdimatında əhəmiyyətindən geniş bəhs edərək Türkiyə Prezidentinin “Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ” deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim” fikirlərinin özündə ehtiva etdiyi bütün istəkləri də diqqətə çatdırıb: “Qardaş ölkənin Prezidenti əllərini hər dəfə Tanrı dərgahına açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarımızın, Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağıları ilə hüznlənən milyonlarla dostumuzun salamını, Cənubi Qafqaz bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdiyini bildirməklə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını, türkü qürurlandırdı, onlara daha sıx şəkildə birləşməyə çağırış etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-türk diaspor təşkilatlarının birgə fəaliyyətini də yada salaq. Azərbaycanın işğal altında olan hər bir şəhərinin, rayonunun, kənd və qəsəbəsinin azadlığa qovuşması sevinci dünyanın müxtəlif ölkələrində böyük coşqu ilə qeyd edildi, erməni vəhşilikləri diasporlarımız tərəfindən dünya ictimaiyyətinə faktlarla çatdırıldı. Türkiyə Prezidentinin qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr etdiklərini, qardaşı İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəliləməsindən məmnunluğunu ifadə etməsi dünyaya sarsılmaz olan bu birliyin gücünün, qüdrətinin, inamın və etimadın nümayişi kimi dəyərləndirilir.”

“Azərbaycan -Türkiyə qardaşlığını təsdiqləyən hər bir addım, səsləndirilən hər bir fikir, eyni zamanda, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları özündə əks etdirir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə təzyiqlə, təhdidlə qorxudulanlardan olmadılar, işğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri çəkilmədilər. Tarixi Zəfərimiz göstərdi ki, bizim heç kimin torpağında gözümüz olmadığı kimi, düşmənə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq. Harada haqsızlıq, ədalətsizlik varsa Azərbaycan və Türkiyə birlikdə səsini ucaldır, məzlumların müdafiəsinə qalxır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ilk dəfə Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 may tarixi özündə bir sıra mühüm məqamları birləşdirdi. Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunmaqla tarixin arxivinə atılıb. Bölgədə yeni bir səhifə açılıb. Dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi fonunda bölgədə sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni əməkdaşlıq formatlarının təməli də qoyulacaq. Azərbaycan və Türkiyə bütün bu hədəflərin mərkəzində olaraq onların reallığa çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər.

1news.az

Paylaş:
371

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər