Nazir müavini: “Türkiyə ordusunun terrorizmlə mübarizədə qazandığı təcrübədən bəhrələnmək istəyirik”
"Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir".
1news.az -ın "Report"a istinadən xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir: "Dünyanın ən güclü ordularından biri olan Türkiyə Silahlı Qüvvələrinin terrorizmə qarşı apardığı mübarizədə qazandığı geniş təcrübəsindən bəhrələnmək bizim üçün mühüm əhəmiyyət kəsb edir".
Nazir müavini vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli üzərində inşa edilməsi üzərində mühüm işlər görülür.
Ə.Əfəndiyev söyləyib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu sahədə aparılan işlər yeni mərhələyə qədəm qoyub: "Azərbaycan Ordusunun ştat strukturunda müasir tələblərə uyğun mühüm dəyişikliklər edilib. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə etməklə Azərbaycan Ordusunda Komando hərbi hissələri yaradılıb və bu hərbi hissələrin şəxsi heyəti müxtəlif tarixlərdə Türkiyənin İsparta şəhərində yerləşən təlim mərkəzində olublar".