Anar Kərimov Bakıda abidələrin qorunması ilə bağlı tapşırıqlar verib
Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib.
Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Baxış zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, “Agro Food İnvestments” şirkətinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir, həmin tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə daha ciddi şəkildə qorunması üçün tapşırıqlar verib.
Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı qətiyyətlə alınacaq, qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaqdır.
Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı çəpərlənib.
Həmçinin əraziyə arxeoloqları cəlb edərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, nazir "Daş yolları"na edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verib.