Elnur Əliyev: Qeyri-neft-qaz sektorunda ÜDM-in 70,3 faizi formalaşıb
“2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun 70,3 faizi qeyri-neft-qaz sektorunun payına düşüb”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda orta illik real artım təxminən 6 faiz təşkil edib.
“Cari ilin ilk doqquz ayında əsas kapitala yönəldilən 14,7 milyard manat investisiyanın 9,8 milyard manatı da bu sektorun payına düşüb”.
Nazir müavini qeyd edib ki, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 36 min artaraq 1 milyon 67 minə çatıb. Bu, ölkə üzrə əmək müqavilələrinin 56,5 faizini təşkil edir.
“Bu rəqəmlər göstərir ki, sahibkarlıq fəaliyyətinin şərtləri iqtisadiyyatın və məşğulluğun böyük hissəsinə birbaşa təsir edir. Bazara çıxışda, maliyyələşmədə və infrastruktura çıxışda yaranan çətinliklər həm investisiyalarda, həm də yeni iş yerlərinin yaradılmasında özünü göstərir”, – deyə E.Əliyev vurğulayıb.
O bildirib ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması və rəqabət imkanlarının genişləndirilməsi iqtisadi inkişafın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir müavininin sözlərinə görə, qeyri-neft-qaz ixracının artırılması üçün məhsuldarlığın yüksəldilməsi, istehsal və daşınma xərclərinin azaldılması, xarici bazarlarda mövqelərin gücləndirilməsi vacibdir.
E.Əliyev qeyd edib ki, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması müəssisələrin səmərəliliyinin artırılmasına və beynəlxalq bazarlara daha hazırlıqlı çıxmasına şərait yaradır.
O əlavə edib ki, qəbul edilən qərarların və dövlət dəstəyi mexanizmlərinin səmərəsi onların praktik tətbiqindən, sahibkarların bazara çıxış imkanlarından və mövcud maneələrin aradan qaldırılmasından asılıdır.












