“Atatürk Parkı”nın bir hissəsi niyə hasara alınıb? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Atatürk Parkı”nın bir hissəsi niyə hasara alınıb? - FOTO

Ayşən İsmayılova14:20 - 28 / 07 / 2022
“Atatürk Parkı”nın bir hissəsi niyə hasara alınıb? - FOTO

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduğu yerlərdən biri də parklardır.

İstirahət etmək, uşaqları gəzdirmək, dostlarla görüşmək, bəzən isə sadəcə tənhalığa çəkilmək istəyənlərin əvəzolunmaz məkanı olan bu cür parklardan biri də “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Atatürk Parkı”dır.

Xatırladaq ki, 2019-cu il oktyabrın 1-də yenidən təmir olunaraq sakinlərin ixtiyarına verilən parkın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Doğrudan da əvvəl baxımsız vəziyyətdə olan parkda aparılan yenidənqurmadan sonra gözəl şərait yaradılıb. Parkın landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb.

Lakin parka daxil olan zaman özünü parkda deyil, restorana daxil olurmuş kimi hiss edirsən. Çünki parkın girişinin hər iki tərəfində restoran və kafelər yerləşir. Restoranları keçib irəli gedən zaman isə heç də xoş olmayan bir sürprizlə qarşılaşırsınız. Sanki park sona çatır. Belə ki, nədənsə parkın bir hissəsi artıq uzun müddətdir ki, hasara alınıb. Buna görə də insanlar parkın bir tərəfindən digər tərəfinə keçmək üçün dar səkidən istifadə etməli olurlar.

İnsanlar parkın attraksionlar olan hissəsinə doğru getməyə çalışarkən onları bu dəfə də səkinin ortasında dayanan dirək salamlayır. Övladlarını gəzdirməyə çıxan valideynlər dar səkidə addımlayarkən bir yandan da onları yanlarından sürətlə şütüyən maşınlardan qorumağa çalışırlar. Çünki qarşıdan kimsə gələn zaman səki dar olduğundan avtomobil yoluna çıxmalı olurlar, bununla da həyatlarını təhlükəyə atırlar.

Bütün bu mərhələləri uğurla tamamlayan insanlar nəhayət parkın digər hissəsinə gəlib çata bilirlər. Bu gedişin qayıdışı olacağını da nəzərə alsaq, insanlar üçün adi bir parka getməyin necə çətin və təhlükəli olduğunu təsəvvür etmək elə də çətin deyil.

Parkın yaxınlığındakı binada yaşayan Aliyə xanım da parkın hasara alınmasından narazıdır. Onun sözlərinə görə, hər dəfə parka gedən zaman həmin hasarın kənarındakı dar səki ilə hərəkət etməli olurlar:

“Nəvələrimi demək olar ki, hər axşam parka aparıram. Parkın bir hissəsi uzun müddətdir ki, hasara alındığından parkın digər hissəsinə getmək üçün dar səkidən istifadə edirik. Bir dəfə parka gedəndə yola çıxan bir oğlanı az qalmışdı maşın vursun. Çünki səki çox dardır, ortasında isə işıq dirəkləri quraşdırılıb. İnsanlar da bir-birilərinə yol vermək üçün bəzən avtomobil yoluna çıxmalı olurlar. Bu isə çox təhlükəlidir”.

Parkın bir hissəsinin nə üçün və kim tərəfindən hasara alınmasına gəlincə, Aliyə xanım da bu barədə məlumatlı olmadığını söylədi.

Parkın boş hissəsinin yaratdığı problem təkcə insanların hərəkətinə əngəl olmaqla nəhayətlənmir, həmin sahədə artıq ağac və bitki örtüyü quruyub. Üstəlik baxımsız vəziyyətə düşən əraziyə nəzarət edilmədiyi və hasarla əhatə olunduğu üçün bəzi insanlar tərəfindən ayaqyolu kimi də istifadə edilir və bu da səkidə yeriyənlərin üfunət qoxusundan “məst olmasına” səbəb olur. Bununla yanaşı, həmin yerə yaxın əkilən yaşıllıqlara qulluq edilmir və yaşıllıq getdikcə sıradan çıxır.

Bəs parkın dəmir arakəsmələrlə ortadan bölünməsinin və hasara alınan hissənin baxımsız qalmasının səbəbi nədir? Bu vəziyyət nə vaxta kimi davam edəcək? Bu suallara cavab tapmaq üçün Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Ayşən İsmayılova

Paylaş:
1414

Son xəbərlər

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39
Bütün xəbərlər