Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və ümumi dostluq tarixi - Gürcüstanın Azərbaycandakı səfiri ilə müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və ümumi dostluq tarixi - Gürcüstanın Azərbaycandakı səfiri ilə müsahibə

17:55 - 08 / 08 / 2022
Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və ümumi dostluq tarixi - Gürcüstanın Azərbaycandakı səfiri ilə müsahibə

Qonşu Gürcüstan ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi Azərbaycan üçün hər zaman prioritet məsələ olub. Geosiyasi, iqtisadi və humanitar xarakterli ortaq cəhətlərə malik olan iki dövlət qarşılıqlı münasibətlərdə ən dəyərli məhfumla – xalqlar arasında mehriban və səmimi münasibətlərlə qürur duya bilər.

“1news.az” komandası “Danışır diplomat” rubrikası çərçivəsində Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze ilə müsahibəni təqdim edir.

Azərbaycan-Gürcüstan münasibətləri. Dünən və bu gün

“İlk növbədə, auditoriyanızla ünsiyyətdə olmaq imkanı yaratdığınıza görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Ümumilikdə, bizim münasibətləri qiymətləndirərkən deyə bilərik ki, biz bir çox sahələrdə yüksək qarşılıqlı fəaliyyət dinamikasına malik strateji tərəfdaşlar, dost və qardaş dövlətlərik.

Birincisi, pandemiyaya, bu mürəkkəb dövrə baxmayaraq, bizim siyasi əlaqələri, ikitərəfli səfərlərin yüksək dinamikasını qeyd etmək istərdim. Bu baxımdan Gürcüstan Prezidentinin Azərbaycan Respublikasına səfərini və müxtəlif qurum rəhbərlərinin qarşılıqlı səfərlərini xüsusilə vurğulamaq istərdim.

İkitərəfli münasibətlərlə yanaşı ənənəvi olaraq Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli görüşlər də keçirilir. Belə ki, bu yaxınlarda üç ölkənin parlamentlərinin xarici əlaqələr üzrə komissiyalarının sədrləri arasında danışıqlar baş tutub.

Bu yaxınlarda Azərbaycanın rəqəmsal inkişaf və nəliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda səfərdə idi. Bundan başqa, Şeyxülislam Allahşükür Paşazadə də ölkəmizə səfər etmişdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri burada Ümumgürcüstan Katolikos-Patriarxı II İliya və digər dövlət rəsmiləri – Gürcüstan Prezidenti, Baş naziri və parlamentinin sədri ilə görüşdü.

Dövlətlərimiz arasında regional səviyyədə həyata keçirilən əməkdaşlığı da qeyd etmək istərdim. Bu yaxınlarda Kvemo-Kartli bölgəsinin qubernatoru Azərbaycana səfər etmişdi. Regionun müxtəlif bələdiyyələrinin rəhbərləri də səfərdə onunla birlikdə iştirak edirdilər. Səfər çərçivəsində Azərbaycan və Gürcüstanın şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında memorandumlar imzalandı.

Azərbaycan ərazisində kompakt yaşayan etnik gürcülər və Gücüstanda yaşayan azərbaycanlılar sülh və əmin-amanlıq içində ömür sürürlər. Çünki hər iki tolerant dövlət böyük qarşılıqlı hörmətə və ikitərəfli qardaşlıq münasibətlərini inkişaf etdirmək kimi ümumi məqsədə əsaslanır. İki xalqın nümayəndələrinin kompakt şəkildə yaşadığı yerlərdə yeni təhsil müəssisələri, mədəniyyət mərkəzləri, idman və digər infrastruktur obyektləri tikilir.

Sizi əmin edirəm ki, bu, çox böyük əhəmiyyətə malikdir, çünki əlaqələrin möhkəmləndirilməsi həm də xalq diplomatiyası sayəsində mümkün olur. Düşünürəm ki, münasibətlərimizin bu tempi qorunub saxlanılacaq və davam edəcək. Biz bu münasibətlərə çox yüksək dəyərləndiririk.

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü

Biz Azərbaycanın bir sıra yüksək vəzifəli şəxslərinin Gürcüstana səfər edəcəyinə ümid edirik. Əlbəttə ki, Azərbaycan Respublikası Prezidentini ölkəmizdə qonaq görmək bizim üçün böyük şərəf olar.

Təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da nümunəvi münasibətlər mövcuddur, çünki mədəniyyətimiz, adət və ənənələrimiz, habelə əlaqələrimiz nəsildən-nəsilə ötürülür. Münasibətlərdən danışarkən onların yüzilliklərlə tarixə malik olduğunu vurğulamaq lazımdır. Dövlətlərimizin müstəqillik haqqında aktlarının 104 il əvvəl Tbilisidə imzalanması da simvolik əhəmiyyət kəsb edir. Təəssüf ki, bundan qısa müddət sonra biz müstəqilliyi itirdik və 70 il sonra yenidən bərpa edə bildik. Günahsız insanların həyatına son qoymuş 1990-cı il 20 yanvar faciəsini unutmamışıq. Bundan təxminən 1 il əvvəl – 1989-cu il aprelin 9-da oxşar faciə Gürcüstanın da başına gəlmişdi.

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər, “dəyirmi masa”lar, ekspertlərin və akademik dairələrin iştirakı ilə görüşlər baş tutacaq. Azərbaycan və Gürcüstanın XİN-lərində müvafiq tədbirlər keçiriləcək.

Yubiley münasibətilə təkcə Bakıda və Tbilisidə deyil, regionlarda da geniş mədəni proqram təqdim etmək niyyətindəyik. Proqram çox zəngindir. Belə ki, tədbirlər çərçivəsində gürcü folktoru nümayiş olunacaq, incəsənət nümunələrinin sərgiləri, film retropektivi, gürcü şərablarının və yeməklərinin dequstasiyası təşkil ediləcək. Həmişə, iki ölkənin tanınmış futbol komandalarının veteranları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılır. Bundan əlavə, yubiley münasibətilə poçt markası buraxılacaq. Bir sözlə, proqram çox maraqlıdır. Şübhə etmirik ki, bu, böyük bayrama səbəb olacaq.

Bunlardan savayı Bakıda Gürcü Şərabları Festivalı keçiriləcək. Artıq 44 şirkət bu festivalda iştirak etmək niyyətini ifadə edib. Bu, gürcü mədəniyyətinin daha bir parçasını nümayiş etdirmək üçün daha bir şansdır.

Əminəm ki, bu bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün həmkarım, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə əlimizdən gələni edəcəyik.

İqtisadiyyat tərəfdaşlığın vacib hissəsi kimi

Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir.

Bu qlobal layihələr bizim strateji tərəfdaşlığın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alaraq, bu layihələr daha böyük aktuallıq qazanır.

Azərbaycan Gürcüstanın ən vacib iqtisadi və ticarət tərəfdaşlarından biridir. Pandemiyadan əvvəl, 2019-cu ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard dollardan çox olub. Göstəricilər yüksək idi. Lakin təəssüf ki, pandemiya dövrü təkcə Gürcüstan və Azərbaycan üçün deyil, bütün dünya üçün problemli oldu. Hər sahədə böyük eniş baş verdi.

Qeyd etmək istərdim ki, 2022-ci ilin ilk 6 ayı ərzində dövlətlərarası ticarət dövriyyəsi 630 milyon ABŞ dolları təşkil edib, bu isə artım deməkdir. Hesab edirəm ki, ilin sonunadək daha böyük göstərici əldə olunacaq. 2021-ci il ilə müqayisədə ticarət dövriyyəsi 28% artıb və bu hələ son hədd deyil.

Ümumiyyətlə, iş adamlarımızın daha tez-tez görüşməsi üçün səbəblər çoxdur. Əsas vəzifələrdən biri iki ölkələrin biznes dairələrinin nümayəndələri arasında birbaşa əlaqələr qurmaqdır. Bu məqsədlə təkcə ikitərəfli deyil, üçtərəfli formatda (Azərbaycan-Gürcüstan-Türkiyə) da biznes-forumlar keçirilib. Üçtərəfli forumda 500-dən çox iş adamı iştirak edib ki, bu da artıq konkret nəticələr verir.

Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından və investorlarından biridir. İnvestisiya baxımından Gürcüstanda biznesin aparılması üçün sadələşdirilmiş şərtlər yaradılıb. Dünya Bankının 2021-ci il üzrə reytinqində “Əlverişli biznes mühiti” baxımından Gürcüstan dünya üzrə yeddinci yeri tutub. Vurğulamaq istərdim ki, bu cür amillər şirkətlərə heç bir bürokratik əngəllərlə üzləşmədən, qısa zaman ərzində biznesi inkişaf etdirmək imkanı yaradır.

Gürcüstan Aİ ilə azad ticarət haqqında müqavilə imzalayıb. Biz birgə səylər hesabına iş adamlarımıza Avropa bazarında öz məhsullarını təqdim etmək imkanı təklif edirik. Dinamika çox yaxşıdır, perspektivlər yüksəkdir. Bu cür şərtlərlə biz yeni investisiyalar cəlb etmək üçün tədbirlər görməli, iqtisadiyyatın nəqliyyat, energetika, tikinti, ticarət və turizm kimi sektorlarında yeni yanaşmalar tapmalıyıq.

Bu sektorlara təkrar investisiya yatırılması üçün nəhəng potensial var, çünki əlavə imkanlar mövcuddur. Birbaşa biznes münasibətlərinin qurulması yeni istiqamətlərin meydana gəlməsinə kömək edir. Bu xüsusda kənd təsərrüfatını da qeyd etməmək olmaz, çünki o da vacib amillərdən hesab olunur. Bununla əlaqədar olaraq, birgə müəssisələrin yaradılması və kənd təsərrüfatı məhsullarımızın, o cümlədən üçüncü ölkələrdə, məsələn Avropa bazarlarında təşviqi prioritetlərdən biridir.

Azərbaycan və Gürcüstanın malik olduğu böyük potensialı nəzərə alaraq, qeyd etməliyəm ki, bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektiv istiqamətlərdən biridir. Söhbət günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir. Bu, böyük resurslar və ekoloji təmiz istiqamət deməkdir.

Bildiyiniz kimi bu yaxınlarda Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutan yeni layihə barədə elan edildi. Bu kabel Gürcüstan ərazisindən Avropaya elektrik enerjisinin tədarükünü nəzərdə tutur. Qeyd etmək istərdim ki, Azərbaycan da elektrik enerjisinin ötürülməsi üçün əlavə imkanlar yaradan bu layihəyə öz marağını ifadə edib.

Bundan başqa, ölkələrimizin tranzit imkanlarını xüsusilə də qeyd etmək lazımdır. Yeni reallıqlardan çıxış edərək ölkələrimizin ərazisindən keçən “Orta dəhliz”in rolu daha da artır. Tranzit yüklərin həcmi dəfələrlə artıb. Bununla əlaqədar olaraq nəhəng iş görülür. Bu yolun daha münasib, sürətli və rəqabətədavamlı olması üçün bu dəhlizin keçdiyi ölkələrin nümayəndələri arasında mütəmadi görüşlər keçirilir. Daha böyük həcmdə yükötürmə qabiliyyətini təmin etmək üçün bu infrastrukturu tam hazır vəziyyətə gətirməyə çalışmaq lazımdır.

Azərbaycanın rəqəmsal inkişaf və nəliyyat naziri Rəşad Nəbiyevin bu yaxınlarda Gürcüstana səfəri zamanı bu və digər məsələlərə toxunulub. Bundan başqa, ötürücülük qabiliyyətinin artırılması məqsədilə yeni Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin təkmilləşdirilməsi üzrə danışıqlar aparılıb.

Bu dəhliz əməkdaşlığın çox vacib halqasıdır. Birgə səylərimiz nəticəsində trazit olunan yükün həcmi əhəmiyyətli dərəcədə artır ki, bu da ölkələrimizin büdcə gəlirlərinin artmasına, həmçinin əlavə iş yerlərinin yaradılmasına imkan verəcək.

Yüklərin ləngiməməsi və onlara xidmətin ən qısa zamanda göstərilməsi üçün dövlət orqanlarımızın sinxron və kompleks iş aparmasına tərəfdarıq.

Turizm. Pandemiya: əvvəl və sonra

Turizm – iqtisadiyyatın vacib sektorudur. Pandemiyadan əvvəl, 2019-cu ildə vətəndaşları Gürcüstana səfər edən turistlərin sayına görə Azərbaycan birinci yerdə idi. Bu, vacib istiqamətdir və biz turist sayının artmasına maksimum çalışırıq. Ənənəvi istiqamətlərlə yanaşı bu gün aqrar, şərab, qastronimik, ekstremal, işgüzar, müalicə-sağlamlıq turizminə maraq artmaqdadır. Bu istiqamətləri inkişaf etdirmək üçün regionumuzun böyük potensialı var.

Turizm sahəsində yeniliklər sırasında üçüncü ölkə vətəndaşları üçün Gürcüstan və Azərbaycana kompleks turların təşkilini göstərmək olar. Bu halda bir turpaket eyni zamanda 2 ölkəni əhatə etmiş olur. Birgə turlar üçüncü ölkə vətəndaşlarına Qafqaz qonaqpərvərliyinin unikal dünyasını kəşf etmək imkanı yaradır. Xəzər dənizindən Qara dənizədək turizm marşrutları işlənib hazırlanır. Bizdə qonaqlara göstərməyə, öyünməyə və onları müsbət mənada təəccübləndirməyə çox şey var.

Pandemiyadan əvvəl, 2019-cu ildə yüksək göstəricilər əldə olunmuşdu – 9 milyondan çox turist. Bu il turist sayının pandemiyadanəvvəlki göstəricini üstələyəcəyinə ümidimiz var. 2022-ci ilin birinci yarımilliyində Azərbaycandan səfər edənlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 127% artım qeydə alınıb. Ölkələrimizin məşhurlaşdırılması üçün Gürcüstan və Azərbaycanın səlahiyyətli orqanları mətbuat və turizm şirkətlərinin nümayəndələri üçün turlar təşkil edir.

Pandemiya bizə onlayn-formatda görüşlər keçirməyi öyrətdi. Biznes nümayəndələrinin məhz bu platforma vasitəsilə əməkdaşlıq sahələrinin genişləndirilməsi imkanlarını müzakirə etdiklərinin, bir-birinə regionlarımızı nümayiş etdirməyə çalışdıqlarının şahidi olduq. Bu istiqamətdə fəal iş aparılır.

Turist axınının artması ilə əlaqədar turizm sektorunu inkişafı etdirmək üçün dövlət və özəl xidmət səviyyəsini artırmaq, yaxşı kommunikasiyalara, həmçinin birbaşa nəqliyyat əlaqəsinə malik olmaq lazımdır. “Azərbaycan Hava Yolları” şirkəti ilə fəal iş aparırıq. Hazırda hər həftə Bakıdan Tbilisiyə 3 reys həyata keçirilir. Bundan başqa, Bakı və Batumi arasında həftədə 3 dəfə həyata keçirilən birbaşa reyslər də bərpa olunub. Lakin bu hələ son deyil. Tərəflər arasında əldə olunmuş razılığa görə ehtiyac olarsa, reyslərin sayı artırıla bilər.

Gürcüstan və Azərbaycan bütün istiqamətlər üzrə fəal əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır, ölkələrimizdə tətbiq olunan bütün yenilikləri paylaşır.

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasından Gürcüstanın vasitəçiliyi

Regionun geosiyasi xəritəsində ciddi dəyişikliklərin şahidi oluruq. Gözümüz önündə yeni reallıq formalaşır. Səylərimizi bu hadisələrin regionumuzun siyasi sabitliyinə və iqtisadi inkişafına xidmət etməsinə yönəltməliyik.

Bildiyiniz kimi, 2021-ci ildə Gürcüstanın, ABŞ-ın və Qərb tərəfdaşlarımızın səyləri sayəsində humanitar razılıq əldə olundu – Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan mina xəritələrinin əvəzinə 15 Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verdi.

2021-ci ildə BMT Baş Assmbleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxış edərkən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Qafqazda sülh və sabitliyin təmin üçün edilməsi üçün “dinc qonşuluq təşəbbüsü” ilə çıxış etdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında ilk görüşün iyunun 16-sı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilməsi faktını alqışlarıyıq.

Gürcüstan tərəfi birgə səylərlə Cənubi Qafqazda dinc birgə yaşayışın mümkün olacağına və bunun regionun potensialını inkişaf etdirməyə imkan verəcəyinə ümidvar olduğunu ifadə edir.

Gürcüstan bundan sonra regionun rifahı naminə tərəflər arasında dialoqa töhfə verməyə hazırdır.

Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi müdaxiləsinin 14-cü ildönümü

İlk növbədə, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirmək istəyirəm. Avqustun 7-si Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi müdaxiləsinin 14 ili tamam olur. Bu hadisədən sonra Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziya və Sxinvalinin işğalı və “müstəqilik dövlətlər” kimi tanınması baş verdi.

Vurğulamaq lazımdır ki, “Avqust müharibəsi”ndən 14 il keçsə də Rusiya 12 avqust 2008-ci il tarixli atəşkəs müqaviləsinin müddəalarını yerinə yetirmir və işğal edilmiş əraziləri hərbiləşdirməklə onların faktiki anneksiyasını davam etdirir.

İşğal edilmiş ərazilərdə humanitar, təhlükəsizlik və insan hüquqları ilə bağlı vəziyyət ildən-ilə pisləşir.

Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini davam etdirir. Bu siyasət Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərinin sülh yolu ilə azad edilməsini, işğal xətti ilə bir-birinən ayrı düşmüş insanlar arasında etimadın qurulması və möhkəmləndirilməsini nəzərdə tutur.

Humanitar əlaqələr

Akademik dairələr arasında əlaqələr xüsusilə diqqətə layiqdir. Elmi mərkəzlərimiz və təhsil müəssisələrimiz uzun illər boyu birgə fəaliyyət göstərib, tərcümələrini bölüşüb, yeni əməkdaşlıq sahələri müəyyən ediblər.

Bu yaxınlarda iki ali təhsil müəssisəsi – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin rəhbərləri ilə görüşümüz oldu. Görüşlər zamanı ölkələrimizin ali təhsil müəssisələri arasında münasibətlərin qurulması üzrə bir sıra məsələlərə toxunduq. Bundan başqa, memorandumların imzalanması, birgə seminarların keçirilməsi, akademik dairələr arasında görüşlərin keçirilməsi, tələbə mübadiləsi və yay düşərgələrinin təşkili məsələlərini müzakirə etdik.

Həmçinin Azərbaycan tərəfini Kutaisi şəhərində çoxprofilli Beynəlxalq Universitetin və tələbə şəhərciyinin tikintisinin növbəti mərhələsi barədə məlumatlandırdıq. Bu genişmiqyaslı layihə “Kartu” Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi və maliyyə yardımı ilə həyata keçirilir. Tezliklə Gürcüstan həm regionumuzun təhsil habına çevriləcək, həm də bütün dünyadan tələbələr cəlb edə biləcək.

Bundan başqa, ali təhsil müəssisələrinin rektorları ilə görüş zamanı onların dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı məsələsini də müzakirə etdik.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinə yardım əlini uzadıb

Pandemiya zamanı dövlətlərimiz arasında əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Koronavirus pandemiyası dövründə Gürcüstanın düşdüyü çətin vəziyyətdə Azərbaycan xəstəliyi ağır keçirən xəstələr üçün xeyli tibbi oksigen təqdim etməklə bizi dəstəklədi. Bundan başqa, fərdi müdafiə vasitələrinin istehsalının qurulmasında da Azərbaycan öz ehtiyatlarından xammal təqdim etməklə Gürcüstana öz dəstəyini göstərdi. Biz, göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk.

Gürcüstan da öz növbəsində bu çətin dövrdə Azərbaycana dəstək verdi və üçüncü ölkələrdən tibbi və digər prioritet yüklərin öz ərazisindən maneəsiz və operativ çatdırılmasını təmin etdi.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq, qardaşlıq və dostluq münasibətləri bizim üçün hər zaman prioritet oldub və olacaq. Bu, iki qardaş dövlətin qisməti və dostluğudur.

P.S. Cənab Zurab Pataradze ilə söhbət zamanı çox xoş və əlamətdar məlumat əldə etdik. Belə ki, diplomat Bakıda dördüncü övladının – Tinatin adlı qızının dünyaya gəldiyini bildirdi. “Bu səbəbdən Bakıya olan xüsusi münasibətim heç vaxt məni tərk etməyəcək”, - həmsöhbətimiz qeyd edib.

Alla Zeydullayeva

Paylaş:
2698

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər