Rəhman Hacıyev “AmCham Azərbaycan”-ın “Lead Talk” sessiyasında iştirak edib - FOTO
20 noyabr 2025-ci il tarixində Amerika-Azərbaycan Ticarət Palatasının (“AmCham Azərbaycan”) Marketinq, Kommunikasiya və Biznesin İnkişafı (MCBD) Komitəsi növbəti “Lead Talk” sessiyasını təşkil edib.
1news.az xəbər verir ki, Zəfər Gününün beşinci ildönümünə həsr edilən tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaq qismində iştirak edib.
Tədbiri MKBİ Komitəsinin sədri Aysel Süleymanova açaraq “Lead Talk” silsiləsinin dövlət və özəl sektor arasında dialoqun formalaşdırılması və Azərbaycanın kimliyini, eləcə də qlobal müstəvidə yerini müəyyən edən narrativlərin müzakirəsi üçün vacib bir platforma olduğunu vurğulayıb.
Mövzunun aktuallığını qeyd edən A.Süleymanova son beş ilin ölkəmiz üçün dönüş nöqtəsi olduğunu və strateji kommunikasiyanın milli qürurun möhkəmləndirilməsində, inkişaf hədəflərinə nail olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına Qarabağ Dirçəliş Fondunun fandreyzinq və kommunikasiya strategiyası, icra etdiyi layihələr, eyni zamanda hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri haqqında ətraflı ətraflı məlumat təqdim edib.
Rəhman Hacıyev bu il Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsinə diqqət çəkərək bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.
R.Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun kommunikasiya strategiyası təşkilatın əsas dəyərləri – həmrəylik, şəffaflıq, sosial məsuliyyət və təvazökarlıq üzərində qurulub. Bu yanaşma, bir tərəfdən, cəmiyyətlə dövlət arasında sinerjini gücləndirərək ümummilli həmrəyliyi möhkəmləndirir, digər tərəfdən isə açıq, etibarlı və hesabatlı kommunikasiya modelini formalaşdırır.
İdarə Heyətinin sədrinin sözlərinə görə, Fondun mesajları müxtəlif hədəf auditoriyaları nəzərə alınmaqla formalaşdırılır və bu yanaşma sadəcə informasiya ötürməkdən ibarət deyil. Kommunikasiya həm maarifləndirici məzmunu, həm həmrəyliyə çağırışı, həm də birlik və milli dəyərləri önə çəkən mesajları özündə ehtiva edir.
R. Hacıyev Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək qeyd edib ki, bu təşəbbüslər bərpa, sosial inkişaf və dayanıqlı yaşayış mühitinin qurulması kimi istiqamətləri əhatə edir. O, bu prosesdə donorların — dövlət qurumlarının, özəl sektor nümayəndələrinin və fərdi dəstəkçilərin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, onların iştirakı Fondun fəaliyyətinin miqyasını genişləndirir və dövlət–özəl sektor əməkdaşlığının daha da güclənməsinə şərait yaradır.
Görüşün sonunda R.Hacıyev tədbir iştirakçılarının ünvanladıqları çoxsaylı sualları cavablandırıb.






















