Azərbaycan bayraqları, qanvermə aksiyası: Aşura günü ölkəmizdə necə qeyd olundu? - TƏHLİL

Aşura günü şiə müsəlmanları üçün vacib və kədərli bir gündür və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin 680-ci ildə Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.
Ərəb dilindən tərcümədə onuncu mənasını verən Aşura İslam təqviminə görə məhərrəm ayının 10-cu günündə keçirilir.
Tarixi mənbələrə əsasən, məhərrəm ayının 10-da İmam Hüseyn (ə) və onun 72 səhabəsi İraqın Neynəva əyalətində yerləşən Kərbəla səhrasında şəhid ediliblər.
Hadisənin 14 əsr bundan öncə baş verməsinə baxmayaraq, hər il bu olayı yüz milyonlarla insan xatırlayır, onu digər nəsillərə təlim edir və geniş şəkildə əzadarlıq mərasimləri keçirir.
Həmin gün insanlar mərsiyə deyir və səhnələr nümayiş etdirilər. Qara geyinmiş şiə qadın və kişilər küçələrdə yürüş edərək sinə döyür, şüarlar səsləndirirlər. Bəzi şiə kişilər Hüseynin əzablarını təqlid etmək üçün özlərini zəncirlə döyür və ya başlarını qan çıxana qədər kəsirlər.
Aşura mərasimləri Azərbaycanda da ənənəvi olaraq hər il keçirilir. Lakin builki Aşura günü digərlərindən bir qədər fərqlənirdi. Belə ki, Azərbaycanın Londondakı səfirliyinin binasındakı təxribata cavab olaraq insanlar məscidlərə qara bayraqla deyil, Azərbaycan bayrağı ilə gəliblər.
Mərasimdə həmçinin, şəhid ailələri də iştirak edib. Bundan əlavə, bu il də ənənəvi olaraq, qanvermə aksiyaları keçirilməsinin şahidi olduq.
İlahiyyatçı alim Hacı Mirhəmid Məmmədov 1news.az-a açıqlamasında Aşuranın artıq milli adət-ənənəmizə çevrildiyini qeyd edib:
"Aşura qədim tarixi olan ənənədir və xalqımız bu günü əsrlərdir ki, keçirir. Hətta Aşuranın keçirilməsinə qadağalar dövründə də davam edilib. Doğrudur, bunu bizdən dini etiqadımız istəyir və peyğəmbərə olan məhəbbətdən irəli gəlir, lakin artıq milli adət-ənənəmizə çevrilib. Aşuranı keçirmək həm də məzlumun yanında olmaq deməkdir. Xalqımız həmişə məzlumun yanında olub, zalımı pisləyib və bu gün də dünyada nə qədər məzlum varsa, hamısının yanındadır".
Builki Aşura məclislərindən də bəhs edən ilahiyyatçı alim bildiridi ki, xalqımız İmam Hüseynə məhəbbəti ilə builki Aşura məclislərini də layiqli şəkildə keçirdi:
"Bu vaxta kimi Aşura ilə bağlı keçirilən məclislərdə ciddi bir problemlə üzləşdiyimizi xatırlamıram. Elə bu il də hər hansı bir təxribatın, qarşıdurmanın baş verə biləcəyinə inanmırdım. İnşallah bundan sonra da olmayacaq. Xalqımız İmam Hüseynə məhəbbəti ilə builki Aşura məclislərini də layiqli şəkildə keçirdi. Moizələr oxundu, mərsiyələr deyildi. Aşura xalqımız tərəfindən hüzn günü kimi qəbul edilib. Burada məzhəblərarası fərqlər görünmür. Aşuranı xalqın bütün təbəqələri qeyd edir; dindarı da, dinə riayət edəni də, etməyəni də".
Hacı Mirhəmid Məmmədov son olaraq Londonda səfirliyimizə hücum zamanı bayrağımızın təhqir olunmasına cavab olaraq Aşura günündə qara bayraqlar əvəzinə Azərbaycan bayraqları dalğalandırılmasından da danışıb:
"Londonda baş verən həmin xoşagəlməz hadisə cəmiyyətdə hər kəsi narahat etdi. Dini camiə də bu təxribatı pislədi və qınadı. Bu qanunsuzluğa qarşı xalq səsini çıxarmalı idi və belə də oldu".
A.İsmayılova