Asif Cahangirov: “SSRİ-nin dağılması azərbaycanlıların milli özünəməxsusluğunu xeyli gücləndirdi” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Asif Cahangirov: “SSRİ-nin dağılması azərbaycanlıların milli özünəməxsusluğunu xeyli gücləndirdi” - MÜSAHİBƏ

13:40 - 08 / 09 / 2022
Asif Cahangirov: “SSRİ-nin dağılması azərbaycanlıların milli özünəməxsusluğunu xeyli gücləndirdi” - MÜSAHİBƏ

Həmsöhbətimiz Azərbaycanın Əməkdar müəllimi Asif Baxış oğlu Cahangirovdur.

O, uzun illər həm sovetlər dövründə, həm də müstəqill Azərbaycanın təhsil sistemində çalışmış, Şalva Amonaşvili, Viktor Şatalov və bir çox digər görkəmli novator-müəllimlərlə yaxından əməkdaşlıq etmişdir. "Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları" fundamental əsərin müəllifidir.

Rusiyanın Pravda.ru portalının jurnalisti ondan həm pedaqoq, həm də tanınmış ictimai xadim kimi müsahibə almışdır.

Oxucularımıza bəzi ixtisarlarla həmin müsahibənin rus dilindən tərcüməsini təqdim edirik.

- Asif müəllim, müstəqillik əldə etdikdən sonra Azərbaycanda müəllim hazırlığı, tədris prosesinin təşkili və digər sahələrdə hansı dəyişikliklər baş vermişdir? Mövcud təhsil sistemi sovet dövründəkindən nə ilə fərqlənir?

- Mənə məhz “müəllim” ifadəsilə müraciət etdiyinizə görə təşəkkür edirəm (rus dilində kiməsə müraciət etdikdə onun adı və atasının adı səsləndirilir – red.) Onu da deyim ki, bizdə “müəllim” ifadəsilə istedadı, orijinal qabiliyyəti ilə seçilən istənilən peşə sahibinə də müraciət olunur.

Təhsil sisteminə gəlincə, təbii ki, sovet illəri ilə müqayisədə dəyişikliklər az deyildir. İlk növbədə, təhsildə o dövrün ideoloji əsaslarının kökü kəsilmiş, hazırki dövrün özündə də sistemin yeniləşdirilməsi istiqamətində davamlı işlər aparılır. Müasir müəllimlərin hazırlığı sahəsində müəyyən addımlar atılmışdır, amma etiraf edim ki, burada uğurlar o qədər də nəzərəçarpan deyil. Aydın məsələdir, pedaqoji universitetlərdə dərs deyən professor-müəllim heyətinin böyük hissəsi sovet keçmişimizin yetirmələridirlər. Onların çoxu yeni, innovativ yanaşmaların tətbiqinə çətinliklə uyğunlaşdığından pedaqoji təhsilin məzmununun yeniləşdirilməsi, tədris metodlarının müasirləşdirilməsi ləng həyata keçirilir.

Təbii ki, ölkəmizin təhsil sistemində milli komponentin gücləndirilməsinə daha çox diqqət yetirilmişdir. Məsələn, ümumtəhsil məktəblərində Amerika, Rusiya təbiətinin xüsusiyyətləri deyil, Azərbaycanın subtropikləri, tropikləri, flora və faunası daha çox öyrənilir. Təhsildə milli aspektlərə üstünlük verilsə də, onlara bəşəri dəyərlər və qlobal inkişaf prizmasından yanaşılır.

Razılaşaq ki, bugünün qız və oğlanları iyirmi-otuz il əvvəlki həmyaşıdlarından əsaslı şəkildə fərqlənir. Təhsilə, peşəkar inkişafa həvəs bariz şəkildə güclənmişdir. Həmçinin, sosial-emosional səriştələrin kompleks şəkildə mənimsənilməsinə maraq artmışdır. Həmin səriştələrə ünsiyyət qurmaq, tənqidi düşünmək, öz fikrini müstəqil və əhatəli ifadə etmək, empatiya, habelə müasir həyatda vacib olan bir çox digər qabiliyyətlər aiddir. Məktəb və universitet müəllimlərinin bir hissəsi gənclərə ömürboyu təhsil almaq səriştələrini aşılayır, onların ikinci, hətta üçüncü peşəyə yiyələnmək hazırlığını inkişaf etdirirlər. Araşdırmalar göstərir ki, bugünün gəncləri öz peşələrini bir neçə dəfə dəyişməli olacaqlar.

- Karl Marksın dediyinə görə, durğunlaşmamaq və yaradıcı inkişaf etmək üçün insan öz fəaliyyət növlərini yeddi ildən bir dəyişməlidir. Təbii ki, müasir təhsil sistemi əvvəlki avtoritar sistemdən uzaqlaşmağı nəzərdə tutur. Yeri gəlmişkən, rusdilli oxucuları çox narahat edən bir məsələ də postsovet məkanında, o cümlədən Azərbaycanda rus dili arealının darlaşması ilə bağlıdır.

- Azərbaycandakı vəziyyətdən danışarkən Rusiyanın yüksək vəzifəli məmurları ölkəmizin üç yüz məktəbində təhsilin rus dilində aparıldığını müsbət hal kimi xüsusi vurğulayırlar. Bir sıra məktəblərin tədris Azərbaycan dilində aparılan siniflərində rus dili xarici dil kimi öyrənilir. Müasir prizmadan yanaşsaq, etiraf etməliyik ki, ölkəmizdə ingilis dilinə maraq rus dilindən daha yüksəkdir. Prinsipcə, bu, anlaşılandır. Amma Bakını gəzərkən gənclərin, eləcə də yaşlıların rus dilində danışdığını tez-tez eşidərsiniz.

Bu bir həqiqətdir ki, Sovet İttifaqı dövründə milli dillərin rolu və yeri aşağılaşdırılmışdı. Əslində, SSRİ-nin dağılması azərbaycanlıların milli özünəməxsusluğunu xeyli gücləndirdi. Çox şadam ki, bu gün gənclərimiz Azərbaycan dilində səlis danışırlar.

- Siz əslən qarabağlısınız. Ömrünüzün çox hissəsini Bakıda, Sumqayıtda keçirsəniz də, kiçik vətəniniz haqqında nə düşünürsünüz? Qarabağın çoxmillətli əhalisi var idi. Lakin sonralar milli tərkib ciddi dəyişikliyə məruz qaldı. Qarabağın gələcəyini necə görürsünüz?

- 1965-ci ildə ailəmiz Sumqayıta, oradan da Bakıya köçdü, amma mən doğma Qarabağımla əlaqələrimi heç vaxt qırmamışam. Qohumlarımın çoxu, ən yaxın qohumlarım o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində və ətraf rayonlarda yaşayırdılar.

Qarabağ faciəsinə təkan verən akademik Abel Aqanbeqyanın 1987-ci ildə Parisdə verdiyi müsahibəsində Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının, bu əraziyə müstəqillik statusunun verilməsinin zəruriliyi haqqında söylədiyi mülahizələr oldu. Belə qondarma fikirlərdən “bəhrələnənlər” dərhal azərbaycanlıları Ermənistandan vəhşicəsinə qovmağa başladı, sonra isə Sumqayıt faciəsi baş verdi.

Xankəndi (o vaxt Stepanakert adlanırdı) şəhərinin rus məktəbində 10 il təhsil almışam. Sinifimizdə ermənilər çox idi. Səmimi deyirəm, biz mehribançılıq mühitində yaşayırdıq. Milli mənsubiyyətlə bağlı hansısa düşmənçiliyi ağlıma belə gətirə bilməzdim.

Erməni dilində danışır, oxuyur və yaza bilirəm. Təbii ki, DQMV yarandığı illərdən buradakı rus məktəblərində Azərbaycan dili də tədris olunurdu. Dağlıq Qarabağ Azərbaycanın digər bölgələrindən heç nə ilə fərqlənə bilməzdi. Lakin ötən əsrin 50-ci illərinin sonlarında Azərbaycan dilinin tədrisi ləğv olundu və biz erməni dilini öyrənməyə başladıq.

Xankəndidən köçdükdən sonra Qarabağla əlaqələrimi heç vaxt qırmamışam, imkan yarandıqda həmişə kiçik vətənimə gedərdim. Maarif Nazirliyinin (o vaxtlar belə adlanırdı) Baş Məktəblər İdarəsinin rəisi vəzifəsində vaxtaşırı Qarabağın dağlıq hissəsində olur, burada ümumi təhsilin vəziyyətini yerində araşdırırdım.

Qarabağ faciəsi başlandıqdan sonra 1989-cu ildə Xankəndiyə gəldim və sinif yoldaşlarımla görüşdüm. Onların mənə dedikləri bu oldu: “Siz anlamalısınız ki, biz artıq sizinlə birgə yaşaya bilmərik”. Cavabım bu oldu: “Dəhşətli səhvə yol verirsiniz! Dağlıq Qarabağ heç vaxt Ermənistanla birləşməyəcək və mənim pasportumda heç vaxt Ermənistanda doğulduğum yazılmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz parçasıdır. Siz bu reallığı qəbul etməsəniz, qarşıdurma güclənəcək, xeyli sayda insanların, ən dəhşətlisi - günahsız uşaqların ölümü ilə nəticələnəcəkdir. Ermənilərin də, azərbaycanlıların da.

Otuz ildən çox bir müddət ərzində yaddaşımda o söhbətimizi dəfələrlə canlandırmışam. Şübhə etmirəm ki, erməni sinif yoldaşlarım da bu söhbəti az xatırlamamışlar. Əminəm ki, onlar dediklərimi yada salır, xəyallarında mənə “Gördün, biz qələbə çaldıq. Dağlıq Qarabağ artıq müstəqil dövlətdir” (?!) deyirmişlər.

44 günlük müharibə bölgədəki vəziyyəti kökündən dəyişdi. Mənim qürurum, sevinc, fərəh, xöşbəxtlik hisslərim və həmyaşıdlarımın indiki duyğuları diametral şəkildə dəyişdi. Görün, Dağlıq Qarabağın mütləq qaydada Azərbaycandan ayrılması ideyası onlara nə qədər dərd gətirdi...

Azərbaycandan ayrılmaq uğrunda mübarizəyə qalxanlar, özlərini “müstəqil dövlət” elan edənlər son nəticədə nəyə nail oldular? Onların həyat tərzi yaxşılaşdımı? Onlar daha varlı yaşamağamı başladılar? Onlar daha azad və müstəqilmi oldular?

- Bəlkə bu, söhbətimizin əvvəlində dediyiniz kimi, milli özünəməxsusluğun qabarıq şəkildə qavranması ilə bağlıdır? Bəlkə belə münaqişərin əsasında millətçilik, milli mənsubiyyət hisləri durur?

- “Millətçilik” ifadəsini əsla xoşlamıram. Mənim anlamımda millətinə sevgi, milli məsubiyyətinə və mənşəyinə bağlılıq və millətçilik bir-birindən fərqli anlayışlardır. İnsanı insan edən özünün milli kimliyini, milli özünəməxsusluğunu dərindən dərk etmək, eyni zamanda başqa millətlərə də hörmət bəsləmək keyfiyyətidir.

- Hazırda regionda müəyyən irəliləyiş vardır - nəqliyyat yolları açılır, əməkdaşlıq münasibətləri qurulur. Bəlkə, son illərin düşmənçiliyi bununla da səngiməyə başladı?

- Söhbət Qarabağın dağlıq hissəsində yaşayan erminələrdən gedirsə, əslində heç bir düşmənçilik yoxdur. Bizim Prezidentimiz İlham Əliyevin dəfələrlə dediyi kimi, onlar Azərbaycan vətəndaşları sayılırlar.

Əgər SSRİ dövründən indiyədək bu bölgədə yaşayan ermənilər özlərinin Azərbaycan vətəndaşı olduğunu rəsmi təsdiq edərsə, Azərbaycan Konstitusiyasına şəksiz tabe olarsa və Azərbaycanın əleyhinə hansısa qanunsuz hərəkətə yol verməzsə, belələrinin burada yaşamasına heç kim mane olmayacaq. Amma onların bütün davranışı tam səmimi olmalıdır.

- Köhnə dostlarınız üçün darıxırsınızmı?

- Bəli, onlar xatırimdədirlər. Axı mən Xankəndidə dünyaya gəlmiş və ömrümün ilk 17 ilini onlarla birlikdə keçirmişəm. Müstəqillik şüarı altında düzülüb-qoşulmuş bu ağlasığmaz qanlı müharibə bizim uşaqlıqdan formalaşmış dostluq hisslərimizi heçə endirdi.

- Nəzərə alsaq ki, yeddi rayon artıq Azərbaycana qayıtmışdır münaqişənin aradan qaldırılması üçün hər hansı bir perspektivin ehtimalı varmı? Sülhməramlılar oradadır. Bir daha qan tökülməyəcək. Sülh şəraitində yaşamaq üçün imkan var - otuz illik düşmənçilik kifayət qədər uzun bir müddətdir. Anladığım budur ki, Azərbaycan ordusunun quruculuğunda Türkiyə yaxından iştirak etmişdir. Demək olarmı ki, Türkiyə ilə bu səviyyədə yaxınlıq Azərbaycanı Rusiyadan uzaqlaşdırmışdır?

- Sülhməramlılar beş il müddətinə gəlmişlər. Onların missiyası bütün kommunikasiyaları blokadadan çıxarmaqdan, Qarabağın erməni əhalisinin Azərbaycan mühitinə inteqrasiyası üçün normal şərait yaratmaqdan ibarətdir. Eyni zamanda azərbaycanlı qarabağlıların da öz doğma yurdlarına qayıtmaq imkanının təmin olunmasıdır.

Bütövlükdə götürsək, Qarabağ Azərbaycan regionlarından biridir. Necə ki, talışların, ləzgilərin kompakt yaşadığı ərazilər. Son 30 ildə Qarabağın dağlıq hissəsindən erməni əhalisinin böyük axını baş verib. Bizdəki məlumata görə, bu gün orada 25 minə yaxın insan yaşayır.

Nəhayət ki, tarixi ədalət bərpa olundu. Yeddi rayonumuzdan başqa, mədəniyyət beşiyimiz olan Şuşa şəhəri işğaldan azad edilmişdir. Biz, Cahangirbəyovların əcdadları əslən şuşadandır. Babam sovet hakimiyyətinin gəlişi ilə bəy tituluna mənsubluğunu gizlətmək üçün soyadımızı Cahangirov olaraq dəyişdirmişdir.

- Türkiyə Azərbaycanın “böyük qardaşı” olacaqmı?

- Türkiyə Azərbaycan üçün əziz, səmimi, sədaqətli qardaş olub, var və olacaqdır. Biz dövlətlərimiz və xalqlarımız arasında yaranmış bu yaxınlıqdan çox məmnunuq. Bu, bizim xalqlarımızın, prezidentlərimizin müdrikliyindən qaynaqlanır. Türkiyə ilə yaxınlığımız qətiyyən heç kimi narahat etməməlidir. Azərbaycanlılar türk xalqları arasında Anadolu türklərindən sonra ikinci ən böyük etnik qrupdur. Biz çox yaxın dillərə, mədəniyyətə malikik və buna sevinirik, bir-birimizi asanlıqla başa düşürük.

Müstəqillik əldə etdikdən sonra Türkiyəyə ilk səfər edənlərdən biri də mən olmuşam. Eyni zamanda Türkiyədən çox heyət qəbul etmişəm. Bakı Baş Təhsil İdarəsinin rəisi olarkən Türkiyədəki təhsil müəssisələrinin kadr təminatına kömək üçün mənə dəfələrlə müraciətlər olurdu.

Deyirlər, siyasət çirkli bir işdir. Mənim anlamımda siyasət təmiz işdir, bir şərtlə ki, onu dürüst, saf, səmimi, öz şəxsi maraqlarını dəf etməyə qadir insanlar həyata keçirsin.

- Bəzən müxtəlif dövlətlərin maraqları toqquşur, ona görə də münaqişəli vəziyyət yaranır.

- Milli maraqlar sülh şəraitində, normal münasibətlər, sıx ünsiyyət şəraitində qorunmalıdır. İstənilən problem, ziddiyyətlər həll olunandır. Belə ki, Azərbaycanla Rusiya arasında məsafənin qısalıb-uzanması yanaşmalardan asılıdır. Reallıq budur ki, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Ruslar isə Azərbaycan torpağında məskunlaşmışlar. Onlar özlərini bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi hiss edirlər.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində təkcə azərbaycanlılar deyil, ruslar, yəhudilər, ukraynalılar, talışlar, tatarlar, ləzgilər və s. millətlərin nümayəndələri də iştirak emişdi. Çünki biz – vahid bir xalqıq.

Xalqlar arasında normal ünsiyyət qurulmalıdır və biz bunu hamıya öyrətməliyik. Əsasını isə ümumtəhsil məktəbi qoymalıdır. Həm Azərbaycanın, həm Rusiyanın, həm Ermənistanın. Biz müzakirə, empatiya, təhlil və özünütəhlil kimi qabiliyyətlərə malik olmalıyıq. Qarşı tərəfin obyektiv fikrini qəbul etməyi bacarmalıyıq. Bunların hamısı bütün ölkələrin təhsil sistemlərinin mühüm missiyasıdır.

Leyla Məmmədova

Paylaş:
3100

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər