Əli Şükürlü Avropa birinciliyinin bürünc medalını qazandı
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
1news.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan son olaraq iki nəfər - "Təhsil RİM - Muğan" təmsilçisi Əli Şükürlü və “Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.
Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb.
O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb.
Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.
Beləliklə, yığma komandamız Avropa birinciliyini toplam 9 medalla - 3 qızıl, 4 gümüş və 2 bürünc medal - başa vurub.