AMEA-nın prezidenti seçilən İsa Həbibbəyli kimdir? - DOSYE

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.
Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
1news.az İsa Həbibbəylinin dosyesini təqdim edir:
İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həmçinin oxuyun: AMEA-nın yeni prezidenti seçilib