İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
1news.az-ın məlumatına görə, İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğuladı, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını dedi. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırdı və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirdi. Dövlətimizin başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə etdi.
Görüşdə vurğulandı ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.
İsmail Serageldin bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-da, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə ofisi və Berlində Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında keçirilən “Riqa konfransı 2022”də tərəfdaş kimi çıxış edib.