Türklərin Anadoluya giriş qapısı, tarixi körpü, üzən adalar – Muş və Bingöldən REPORTAJ
Noyabrın 15-dən 19-dək Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Türkiyənin Muş, Bingöl, Tunceli, Elazığ və İstanbul şəhərlərində səfər təşkil olunub.
1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda ilk olaraq səfərimiz Muş şəhərindən başladı
1news.az səfərdən reportajın birinci hissəsini təqdim edir.
İlk səfərimiz Şərqi Anadoluda yerləşən Muş şəhərinə oldu. Qədim tarixə malik olan Muş şəhərini Səlcuklular dövlətinin bir yadigarı da adlandıra bilərik. Şəhərdə gəzərkən gördüyümüz məkan adları, heykəllər, abidələr məhz Səlcuklular ilə bağlıdır.
Muş tarixdə Urartu başda olmaqla, Midiyalılar, Fars, Asur, Bizans, Səlcuqlu və Osmanlı sivilizasiyalarının tarixi və mədəni izlərini özündə əks etdirir.
Muşun əhalisi əsasən kənd təsərrüfatı ilə - maldarlıq, əkinçiliklə məşğuldur. Muş əsasən üzümü və laləsi ilə məşhurdur. Üzüm və lalə Muşun simvollarından sayıla bilər. Şəhər bir çox yerində bu simvolları görə bilərsiniz.
Muş 6 rayondan - Muş (şəhər mərkəzi), Bulanık, Hasköy, Korkut, Malazgirt, Vartodan ibarətdir.
Əhalisi 400 minə yaxın olan şəhərdə, Böyük Səlcuq Dövlətinin ikinci hökmdarı olan, türklərin Orta Asiyadan Anadoluya gəlməini mübarizəsini idarə edən Alp Arslanın adını daşıyan universitet də mövcudur.
Şəhərin mərkəzində restoran və alış-veriş üçün şəhərin mərkəzi küçəsində imkanlar var.
Ulu Cami
Muşa gəldiyimizdə ilk üz tutduğumuz məkan tarixi Ulu Cami (Ulu məscid olur.
Media nümayəndələrini qarşılayan məscidin imamı Mehmet Selim Güler məscidin tarixi ilə bağlı məlumat verərək bildirib ki, rəvayətlərə görə, məscid 10-cu əsrin sonlarında inşa edilib.
“Məscid Şeyx Məhəmməd-i Məğribi tərəfindən inşa edilib. Elə məscidin içərisində Şeyx Məhəmməd-i Məğribinin məzarı var. Memarlıq özəlliklərinə görə isə XIV əsrin ikinci yarısına aid edilən məscid düzbucaqlı formasında tikilib. Altı sütunla dəstəklənən tək günbəzə malikdir. Osmanlı dönəmində məscid kimi fəaliyyət göstərsə də məscid cumhuriyyət dönəmində bir müddət həbsxana kimi fəaliyyət göstərib. Daha sonralar isə yenidən məscid olaraq fəaliyyətə başlayıb. 1960-cı illərdə məscidin minarəsi zərər görüb, bunda sonra sonra 1968-ci ildə məscidin tarixi vəziyyəti qorunmaqla bərpa işlərinə başlanılıb. Bərpa işləri 1972-ci ildə yekunlaşıb. Məscid sonuncu dəfə 2015-ci ildə restavrasiya olunub”.
Daha sonra media nümayəndərinə şəhərin elə Ulu Camiyə yaxın olan "Alaeddin Bey" və "Hacı Şeref" məscidləri nümayiş edirildi.
Tarixi özündə əks etdirən Malazgird
Növbəti gün, yəni 16 noyabrda səfərimiz Muşun Malazgird rayonuna olur. Muş mərkəzdən təxmini 2 saat uzaqlıqla yerləşən bu rayon adını 1071-ci ildə gerçəkləşən Malazgird savaşından alıb. Əgər Muşa səfər edirsinizsə, Malazgirdə getmək səfər planınızda olmalıdır.
Türk və Anadolu tarixinin ən önəmli hadisələrindən olan Malazgird savaşı məhz Muşun Malazgird rayonunda olub. Sultan Alparslanın öndərliyindəki Səlcuqlu Dövləti ilə IV Roman Diogenin liderliyində Şərqi Roma imperiyası arasında olan savaşda Şərqi Roma ordusunun dağılması nəticəsində Türklərə Anadolunun iç hissələrinə, Ege və Mərmərə bölgələrinə qədər irəliləmə şansı yarandı. Buna görə də Malazgird “Türklərin Anadoluya qapılarının açıldığı” yer olaraq anılmaya başlanıb.
Malazgird Qalası
Malazgirdə ilk dayanacağımız möhtəşəm Malazgird Qalası olur.
Malazgirt Turizm və Mədəniyyət müdiri və Malazgird müzeyinin müdiri Sevil Yaman Acaroğlu bildirdi ki, Malazgirt qalasının tarixi Urartulara gedib çıxır.
"Qalaya 4 istiqamətdən giriş mümkündür. Şəhərin idarəteməsi qalanın iç tərəflərində olub. Tarix ərzində qala bir neçə dəfə əl dəyişdirib. Qalanın içərisində müxtəlif su mənbələri var. Üç ildir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Müharibə ərazisində səthi tədqiqat” layihəsi çərçivəsində ərazidə araşdırmalar aparılır, qazıntı işləri həyata keçirilir".
Malazgird muzeyi
“1071-dən 2071-ə zaman tunelidə tarixə səyahət” adlanan muzeydə Kalkolit, Tunc və Dəmir dövrləri, Ellinistik, Roma, Şərqi Roma İmperiyası, İslam və Osmanlı dövrlərinə, eləcə də yaxın tarixə aid çoxlu sayda eksponat nümayiş etdirilir. 1071 Malazgirt zəfərindən bu günə qədər Türk-İslam tarixini vizual və müxtəlif mövzularla ifadə edən Malazgirt Muzeyi, xalqın istifadə etdiyi yerli alət və avadanlıqlara yer verərək ziyarətçilərin tarixi və mədəni şüurunu gücləndirməyi hədəfləyir.
Türklərin Anadoluya girişini simvolizə edən Zəfər abidəsi
Sultan Alparslanın 1071-ci ildə Bizans ordusunu məğlub etdiyi və tarixi formalaşdıran zəfəri qazandığı Malazgirtdə inşa edilən "1071 Zəfər Anıtı" türklərin Anadoluya daxil olmasını simvolizə edir. Abidə hər biri 52 metr olan 2 sütundan ibarətdir, bunlar Anadolunun qapısı sayılır.
Malazgirddən ayrılıb tarixi Murat körpüsünə doğru yola çıxırıq.
Muş mərkəzdən 10 kilometr uzaqda yerləşən bu körpünün Səlcuqlular dönəmində inşa edildiyi bildirilir. Murad çayı üzərində yerləşən körpünün uzunluğu 143 metr, eni 4,77 metr, hündürlüyü 16-18 metrdir. Körpü bu gün fəal şəkildə istifadə olunur.
Bingöl şəhərinə doğru
Körpüdən ayrılıb Bingöl doğru hərəkət edirik. Muşdan Bingölə 1 saat yarımlıq məsafə var.
Əvvəlki adı Çapaqcur olan Bingöl 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı olub. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların idarətməsində olub.
Əhalisi 200 minə yaxın olan Bingöl əhalisinin də əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Gözəl təbiəti olan Bingöl eyni zamanda təbii balı çox məşhurdur. Bu şəhərin simvolu baldır desək, yanılmarıq.
Bilgöl şəhəri 8 rayondan - Bingöl (şəhər mərkəzi), Adaklı, Genç, Karlıova, Kiğı, Solhan, Yayladere, Yedisu rayonlarından ibarətdir.
Bingölə 16 noyabr axşam saatlarında çatdığımız üçün şəhərin gecə görüntüsünü müşahidə edə bildik.
Üzən adalar
17 noyabr səhər səhər tezdən Bingöldə yerləşən təbiət möcüzəsi olan üzən adalara doğru yol gedirik. Üzən adalar Bingöl mərkəzdən avtomobillə təxmini yarım saat məsafədədir.
Bingölün Solhan rayonunun Hazarşah kəndində yerləşən Durna gölündəki üzən adalar bölgənin ən əhəmiyyətli turizm bölgələrindən biridir.
Bingöl ət qovurması
Əgər Bingölə səfər etsəniz, mütləq şəkildə Bingölün ət qovurmasının dadına baxın. Qovurmada Bingöldə yetişən heyvanların ətindən istifadə edilir.
Ardı var...