Səfir: “Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxıb” – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: “Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxıb” – MÜSAHİBƏ

09:00 - 23 / 11 / 2022
Səfir: “Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxıb” – MÜSAHİBƏ

1news.az "Diplomatla Söhbət" adlı rubrikaya davam edir.

Rubrika çərçivəsində Azərbaycan Respublikasının Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovla müsahibəni təqdim edirik:

- Qazaxıstanla Azərbaycan arasında olan münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?

Məlum olduğu kimi, dövlətlər arasında münasibətlərin ən üst səviyyəsi müttəfiqlik münasibətləri hesab olunur. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlər də məhz bu qəbildən olan münasibətlərdəndir. Belə ki, ölkələrimiz strateji tərəfdaş və müttəfiqdirlər. Bu, iki ölkə arasında 2005-ci ildə imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə təsbit olunmuşdur. Qazaxıstan dövlət başçısının 2022-ci ilin avqust ayında ölkəmizə rəsmi səfəri zamanı Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərimizin ən yüksək səviyyəsi bir daha öz təsdiqini tapmışdır. Hazırda, həmin sənəddən irəli gələn məsələlərin həyata keçirilməsi yönündə hər iki tərəfdən ardıcıl və kompleks tədbirlərin görülməsi davam etdirilir.

- Bu iki dövlət bir-birlərinin xarici siyasətində hansı yer tutur?

- Ölkəmiz digər dövlətlərlə, xüsusən region dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Bu xüsusda, ortaq tarixi, dini və etnik köklərə malik olduğumuz, oxşar dəyərləri bölüşdüyümüz Qazaxıstan Respublikası ilə münasibətlərimiz xarici siyasətimizin prioritet istiqamətini təşkil edir.

Yuxarıda qeyd etdiyim kimi, strateji tərəfdaş və müttəfiqlər kimi bu günədək 100-dən artıq dövlətlərarası, hökümətlərarası və qurumlararası müqavilələr imzalanmışdır, iki ölkənin dövlət qurumları arasında sıx işgüzar təmaslar mövcuddur. Eyni zamanda, parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayırlar.

Xalqların bir-birini tanımasında və yaxınlaşmasında humanitar sahənin daşıdığı əhəmiyyəti nəzərə alaraq bu istiqamətə də ciddi fikir verilir. Mədəniyyət, təhsil, elm və incəsənət sahələrində fəal əməkdaşlıq edilir. Müvafiq hökumətlərarası sazişə əsasən hər il iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq üçün qarşılıqlı tələbə mübadiləsi həyata keçirilir. L.N.Qumilyev adına Avrasiya Milli Universitetində Heydər Əliyev mərkəzi, Bakı Dövlət Universitetində isə Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Bakıda Abay Kunanbayev adına, Sumqayıtda Əhməd bəy Tursunovun adına küçələr, Astanada Heydər Əliyev adına, Almatıda isə Füzuli adına küçələr mövcuddur. Yeri gəlmişkən qeyd edim ki, Qazaxıstan rəhbərliyinin qərarına əsasən Astananın daha böyük və mərkəzi küçələrindən birinə Ulu öndər H.Əliyevin adının verilməsi gündəmdədir. Hər iki ölkənin ictimaiyyətində yaranmış ciddi marağı nəzərə alaraq, növbəti ildə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.

Siyasi və humanitar sahədə münasibətlərin möhkəm təməllər üzərində dayanması iqtisadi əməkdaşlığın da çoxşaxəli inkişafı üçün şərait yaratmışdır.

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə Hökumətlərarası Komissiyası səmərəli fəaliyyət göstərməkdədir. Komissiyanın cari ilin iyul ayında Astana şəhərində keçirilmiş sonuncu iclası məhsuldar keçmiş, hər iki tərəfdən müxtəlif dövlət qurumlarının yüksək vəzifəli nümayənədələrinin qatıldığı müzakirələrdə ötən dövrdə görülmüş işlər nəzərdən keçirilmiş və gələcək əməkdaşlıq məsələləri ilə bağlı qərarlar qəbul edilmişdir. Energetika, tranzit-nəqliyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və humanitar sahələr üzrə əməkdaşlıq əsas istiqamətlər olaraq müəyyən edilmişdir. Hazırda hər iki tərəfdən həmin qərarların icrası yönündə əməli addımlar atılır.

Ölkələrimiz arasında çoxtərəfli platformalarda da yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər. Məsələn, Azərbaycanın 2012-2013-cü illərdə, Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-ın qeyri-daimi üzvlüyünə namizədliyində bu dəstək faydalı olmuşdur.

Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda təməli qoyulmuş Türk Dövlətləri Təşkilatı və digər müvafiq institutlar çərçivəsində əməkdaşlığa xüsusi önəm verilir. Burada Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, TürkPA-nı qeyd etmək lazımdır. Azərbaycan və Qazaxıstan bu təşkilatların fəal üzvləridir. Həmçinin qeyd etməyi lazım bilirəm ki, Səfirlik mənzil-qərargahı Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası ilə səmərəli əlaqələr qurmuşdur. Bu istiqamətdə N.Gəncəvinin 880 illik yubileyi ilə bağlı Qazaxıstanda keçirilən çoxsaylı konfrans, forum və dəyirmi masa kimi tədbirləri göstərmək olar. Bildiyiniz kimi, 2022-ci il TÜRKSOY-ya üzv ölkələrdə "Fikrət Əmirov ili" elan edilmişdir və bu il ərzində təşkilatın üzv ölkələrində, o cümlədən Qazaxıstan Respublikasında görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur.

- Avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana həyata keçirdiyi rəsmi səfər ikitərəfli münasibətlərimizdə hansı yeni əməkdaşlıq sahələrini yaxud istiqamətləri əlavə etdi?

- İlk öncə qeyd edim ki, bu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə ilk rəsmi səfəri idi. Səfər çox uğurlu keçmişdir, Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxmışdır.

Səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparılmış, 20-dən çox sənəd imzalanmışdır. Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaratmışdır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında dövlət başçıları tərəfindən imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunmasını isə bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirmək mümkündür.

Səfər əsnasında dövlət başçılarına Qazaxıstan şirkəti tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa olunacaq Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi təqdim olunmuşdur. Hesab edirəm ki, bu bir daha dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Qazaxıstanın dövlət başçısı BMT Təhlükəzislik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə dövlət başçımıza bir daha təbiklərini çatdırmışdır.

- Qarşıda iki ölkə arasında hansı yeni layihələr işlənilir?

- Bu barədə danışarkən, ilk növbədə əməkdaşlığın mühüm istiqaməti kimi nəqliyyat- kommunikasiya sahəsini vurğulamaq istərdim. Hər iki ölkənin mühüm transkontinental nəqliyyat-kommunikasiya dəhlizlərinin üzərində yerləşdiyini nəzərə alaraq, qeyd olunan sahədə əməkdaşlığın böyük perspektivləri mövcuddur. Yeni yaranmış vəziyyətdə Trans- Xəzər Beynəlxalq Nəqliyyat dəhlizi və yaxud Orta Dəhliz adlandırılan marşrutun aktuallığı artmışdır. Dəhliz üçün həm Azərbaycanda, həm də Qazaxıstanda vaxtında zəruri infrastruktur yaradılmış, müasir dəniz limanları, avtomobil yolları və dəmir yolu şəbəkəsi istifadəyə verilmişdir. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi məqsədilə müvafiq orqanlar arasında artıq müəyyən vaxtdır ki aktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Orta Dəhliz böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Hazırda dünyada və regionda baş verən dəyişikliklər və hadisələr tərəfləri hər iki ölkənin potensialından istifadə edərək daha sıx qarşılıqlı fəaliyyətə sövq edir. Regionda baş verən proseslərlə əlaqədar dünyada Mərkəzi Asiyaya diqqət artmışdır və hazırda müxtəlif səpkili Transxəzər layihələrinin işləməsi Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın dərinləşməsi ilə sıx bağlıdır. Bu xüsusda cari ilin 27 iyun tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünü təsadüfi saymaq olmaz. Görüşün yekunu üzrə imzalanmış Bakı Bəyannaməsində vacib məqamlar, o cümlədən regional nəqliyyat layihələrinin, xüsusən Orta Dəhlizin əhəmiyyəti, onun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması üçün birgə layihələrin icrası, transit prosedurlarının sadələşdirilməsi, dəniz nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi, bərələrin sayının artırılması və s. məsələlər öz əksini tapmışdır.

Qazaxıstanın enerji daşıyıcılarının ölkəmiz üzərindən beynəlxalq bazarlara nəqli istqiamətində də müvafiq addımlar atılmaqdadır. Eyni zamanda, informasiya- kommunikasiya sahəsində rabitə şəbəkələrinin birləşdirilməsi və diversifikasiyasını nəzərdə tutan layihənin icrası üçün tədbirlər görülür.

Məlumdur ki, pandemiya bütün dünyada iqtisadi əlaqələrə mənfi təsir göstərmişdir. Bu səbəbdən qarşıda duran əsas məqsədlərdən biri də, pandemiyadan öncə mövcud olmuş göstəricilərə nail olmaq idi. Artıq bu istiqamətdə irəliləyiş müşahidə olunur. 2022-ci ilin ilk 8 ayı ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 369 mln. dollar təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə xeyli çoxdur. Qeyd etmək lazımdır ki, ticarət əməkdaşlığının bütün istiqamətləri üzrə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq üçün böyük potensial mövcuddur. Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı hər iki dövlət başçısı ticarətin həcminin 1 milyard dollara çatdırılmasını qarşıya qoyulmuş hədəflərdən biri olduğunu bildirmişlər.

- Qazaxıstanda xeyli sayda həmvətənlərimiz yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu ölkənin ictimai-siyasi həyatında azərbaycanlılar hansı səviyyədə təmsil olunur və nə dərəcədə fəaldır?

- Qazaxıstanda Azərbaycan diasporası əsasən XX əsrin 20-ci illərindən başlayaraq 40-cı illərədək formalaşmışdır. Həmin illərdə repressiyalara məruz qalmış azərbaycanlılar bu ölkəyə sürgün olunmuşlar. Onlar əsasən Almatı şəhəri, Cənubi Qazaxıstan və Cambıl vilayətlərinə yerləşdirilmiş, ilk günlərdən qazax xalqının qayğısı ilə əhatə olunmuşlar. Sonrakı dövrdə, o cümlədən müstəqillik illərində də çoxminli soydaşımızı təhsil və ya yaxud işlə əlaqədar Qazaxıstana köçmüşlər.

Qazaxıstan çoxsaylı diaspora üzvlərimizlə fərqlənən ölkələrdən biridir. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər az deyildir. Soydaşlarımız Qazaxıstanın siyasi, ictimai, iqtisadi və humanitar sahələrində fəal iştirak edir, bu ölkənin inkişafına və gücləndirilməsinə töhfələr verirlər. Qazaxıstanın əksər vilayətlərində həmvətənlərimiz özlərinin icma və birliklərini yaratmışlar.

Səfirlik də öz tərəfindən Qazaxıstanda yaşayan həmvətənlərlə iş aparır, fəaliyyətimiz zamanı diaspor təşkilatları ilə və ayrı-ayrı diaspor nümayəndələri ilə əməkdaşlıq edirik.

- Yaxın gələcəkdə Qazaxıstandan Azərbaycana yaxud əks istiqamətdə hansı rəsmi səfərlər planlaşdırılıb?

- Qarşılıqlı səfərlərin həyata keçirilməsi baxımından 2022-ci il çox zəngin il olmuşdur. Bu mənada il ərzində həyata keçirilmiş yüksək səviyyəli dövlət rəsmilərinin, parlament rəhbərliyinin, eləcə də digər çoxsaylı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq istərdim.

Əlbəttə ki, Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ilin 24 avqust tarixində ölkəmizə gerçəkləşdirilən rəsmi səfəri münasibətlərimizn tarixində yeni səhifəni açmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin və MDB-nin zirvə toplantısında iştirak məqsədilə cari ilin oktyabr ayında Qazaxıstana işgüzar səfəri, səfər çərçivəsində Qazaxıstanın dövlət başçısı ilə keçirdiyi ikitərəfli görüş də əlamətdar hadisələrdən biri olmuşdur.

Digər əhəmiyyətli səfərlər sırasında AR Baş naziri Ə.Əsədovun MDB Hökumət başçılarının iclasında iştirak üçün sentyabr ayında, AR Milli Məclisinin sədri S.Qafarovanın MDB Parlament Assambleyasının iclasında iştirak üçün mart ayında, Qafqaz Müsəlmanları idarəsinin sədri A.Paşazadənin türkdilli dövlətlərin dini rəhbərlərinin görüşündə iştirak üçün may ayında və dünya dini liderlərinin konfransında iştirak üçün sentyabr ayında Qazaxıstana həyata keçirdikləri səfərləri sadalamaq olar.

Gələcəkdə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini və dövlət qurumları arasında işgüzar təmasların daha da intensivləşəcəyini nəzərə alaraq, bu qəbildən qarşılıqlı səfərlərin artacağını söyləmək mümkündür.

Yalçın Əliyev

Paylaş:
1867

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər