Deputat: “Əminəm ki, İlham Əliyev Qərbi Azərbaycan torpaqlarını diplomatik yolla geri qaytaracaq”
"Heç kəsə sirr deyil ki, ermənilər Cənubi Qafqaza gəlmə xalqdır. Böyük dövlətlərin layihəsi olaraq Ermənistan dövləti yaradılıb".
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Depuatatın sözlərinə görə, Qarabağ zərəfindən sonra Azərbaycan Cənubi Qafqazda ən güclü söz sahibi olub:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir sıra ziyalı ilə görüşü zamanı çox maraqlı məqamlara toxundu. Qərbi azərbaycanlıların tarixi torpaqlarından didərgin düşməsinin səbəbini, AXC dövründə Azərbaycanın tarixi torpaqlarının Ermənistana dövlət yaratmaq üçün güzəştə getdiyini xatırlatdı. Prezident Qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıdacaqlarını bildirdi. Heç kəsə sirr deyil ki, ermənilər Cənubi Qafqaza gəlmə xalqdır. Böyük dövlətlərin layihəsi olaraq Ermənistan dövləti yaradılıb. Əslində əvvəlcədən Osmanlı torpaqlarda yaradılması nəzərdə tutulan Ermənistan sonradan Azərbaycan ərazilərində yaradıldı.
1918-ci ildə Azərbaycanda AXC, Gürcüstanda Tiflis müstəqil dövləti, Ermənistan isə Azərbaycan torpaqlarında paytaxtı İrəvan olan Ararat dövləti yaradıldı. Ermənilər bununla da kifayətlənməyib azərbaycanlıların ata-baba torpağı olan Qarabağı işğal etdilər. Lakin Prezident İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Qarabağ zərəfindən sonra Azərbaycan Cənubi Qafqazda ən güclü söz sahibi oldu".
Deputat həmçinin Qərbi Azərbaycan mövzusuna da toxunub:
"Cənab Prezident öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü, Qərbi Azərbaycan İcmasının yeni ofisinin açılışı rəmzi məna daşıyırdı. Bununla da Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan xalqı əslən Qərbi Azərbaycandan olan hər kəs bir gün öz ata-baba yurdlarına qayıdacaqlar. Qarabağı işğaldan azad edərək adını tarixə yazdıran İlham Əliyev, əminəm ki, Qərbi Azərbaycan torpaqlarını diplomatik yolla geri qaytaracaq. Dünya azərbaycanlılarına və türk dünyasına böyük sevinc gətirəcək".