20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün
Otuz üç il əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı.
Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.
Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir.
Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasında sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.
Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.
Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Davrinbəyova Nuranə.