Xalq artistindən “Toppuş bacı”nın qızı ilə bağlı TƏKLİF
Xalq artisti Afaq Bəşirqızı ötən gün uzun sürən ağır xəstəlikdən dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva barədə danışıb.
1news.az xəbər verir ki, bu haqda sənətçinin "Xəzər axşamı" verilişində səs yazısı yayımlanıb:
A. Bəşirqızı mərhum Tünzalənin qızı Zəhra üçün fond yaratmağı təklif edib:
"Mən bütün incəsənət, mədəniyyət xadimləri ilə istərdim ki, Zəhra fondu yaradaq. Onların da maddi vəziyyətini bilirəm, amma əlimizdən gələn qədərilə yardım edək. Çünki Zəhranın evə maaş gətirən atası yoxdur. O uşaq da çox əziyyət çəkir. Bilirəm, nənə-babası var, qayğısız böyüyəcək bəlkə də, amma həyatda insanın ömrünün son anına qədər ehtiyacı olan anası yoxdur. Yararlı bir mütəxəssis kimi yetişməsi üçün Zəhraya kömək edək", - deyə, A. Bəşirqızı bildirib.
Aparıcı Mətanət Əliverdiyeva isə bunun əla təklif olduğunu qeyd edib.
Verilişdə qonaq olan Əməkdar artist Dilarə Əliyeva isə aktrisanın bu təşəbbüsünü dəstəklədiyini qeyd edib:
"Afaqın bu təşəbbüsünü dəstəkləyirəm. Tünzalənin də dediyi kimi ananın yerini heç kim əvəz edə bilməsə də, biz hər zaman Zəhranın yanındayıq".
Qeyd edək ki, "Toppuş bacı" obrazı ilə tanınan aktrisa Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.