Ned Prays: Türkiyədə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstəyi davam etdirəcəyik
ABŞ hökumətinin Türkiyədə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstəyi davam edəcək.
1news.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin hər iki ölkədə baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verib: "Bu zəlzələ yaşadığımız əsrin ən şiddətli zəlzələlərindəndir. 3 nəfər ABŞ vətəndaşı da daxil olmaqla çoxsaylı insan itkisi olub. Ölənlərin sayı hər keçən saat artır".
Departament sözçüsü onu da əlavə edib ki, ABŞ-ın 200 nəfərlik yardım qrupu zəlzələ bölgəsində çalışır.
Ned Prays zəlzələdən zərər çəkən Suriyaya da yardım etdiklərini ifadə edərək sərhəd qapılarını humanitar yardıma açdığı üçün Türkiyəni təqdir etdiklərini də vurğulayıb.