Azərbaycanın təklifi, Cənubi Qafqazla bağlı ilk, Prezidentin önəmli görüşləriylə Münxen Konfransı – Deputatdan ŞƏRH
“Münxen Təhlükəsizlik Konfransı artıq 60 ildir ki, fəaliyyət göstərən və hazırda qlobal miqyasda təhlükəsizlik problemlərinin müzakirə olunduğu beynəlxalq bir Forumdur”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
“Sayca 59-cu konfrans öz işini başa çatdırdı. Ölkəmizin bu Konfransda ölkə prezidenti və 1-ci vitse-prezidenti şəxsində təmsil olunması Azərbaycanın bu tədbirə nə qədər böyük əhəmiyyət verməsinin göstəricisi sayıla bilər. Çoxsaylı dövlət və hökümət başçılarının iştirak etdiyi, dünyanın bütün bölgələrindən çoxsaylı ekspertlərin, siyasi təhlilçilərin qatıldığı Münxen Konfransı çox əhəmiyyətli beynəlxalq bir tədbirdir. Bizim üçün bu konfransın bir mühüm əhəmiyyəti onunla bağlı idi ki, Konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ayrıca bir plenar iclasın gündəliyində yer alırdı və bu mövzuda maraqlı müzakirələr aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı dövlətimizin mövqeyini və Azərbaycanın bölgənin və bütövlükdə Avropanın təhlükəsizliyinə verdiyi və verə biləcəyi töhfələri Konfrans iştirakçılarının diqqətinə çatdırdı”.
C.Feyziyev qeyd edib ki, Prezident İlham Əliyev konfrans çərçivəsində çox vacib görüşlər keçirdi.
“Avropa İttifaqı Şurasının prezidenti, ATƏT-in Baş Katibi və ABŞ Dövlət katibi və eləcə də İsrailin müdafiə naziri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər çox əhəmiyyətli və səmərəli görüşlər idi. Prezident həmçinin Avropa İnvestisiya Bankının prezidenti, Almaniya Şərqi Biznes Assossiasiyasının Baş İcraçı Direktoru, İtaliya hərbi-sənaye kompleksini təmsil edən “Leonardo” şirkətinin prezidenti ilə səmərəli görüşlər keçirib. Konfrans çərçivəsində keçirilmiş görüşlərdən ən çox maraq doğuranı isə Cənubi Qafqaz dövlətlərinin liderləri arasında baş tutmuş görüş idi. Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili və baş nazir Nikol Paşinyanla bir araya gəlməsini siyasi təhlilçilər artıq tarixi görüş kimi dəyərləndirirlər. Bütün görüşlərdə Prezident İlham Əliyevin etdiyi çıxışlar Azərbaycan dövlətinin bütövlükdə Avropada və həmçinin ayrılıqda Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizlik problemlərinə yanaşmasını nümayiş etdirdi. Çıxışların əsas mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmalı addımlarla bağlı oldu. Prezident İlham Əliyev bölgəmizdə sülhyaratma proseslərində Ermənistanın qeyri-konstruktiv rolunu açıq şəkildə ifadə etdi və sülhün bərqərar olunması üçün vacib şərtləri açıqladı. O cümlədən, Prezident öz açıqlamaları ilə Laçın – Xankəndi yolunda eko-aktivistlərin təşkil etdiyi etiraz aksiyaları ilə bağlı Ermənistan rəhbərliyinin görüş iştirakçılarına verdiyi yalan məlumatları ifşa etdi. Prezident İlham Əliyevin ABŞ Dövlət Katibinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Ermənistan – Azərbaycan sərhədində nəzarət- buraxılış məntəqəsinin qoyulması ilə bağlı təklifi və bu təklifin müsbət qarşılanması Ermənistanı xüsusilə çıxılmaz vəziyyətə saldı. Belə ki, sərhəd zonasında gömrük nəzarət-buraxılış məntəqəsinin açılması Qarabağda yaşayan ermənilərlə Ermənistanın əlaqələrinin tənzimlənməsi adı altında Ermənistan tərəfinin bütün manipulyasiyalarına son qoymuş olacaq”.
“Bu gün sülh hamıya lazımdır. Sülh olmadan inkişaf etmək, sürətlə dəyişən dünyanın ortaya çıxardığı çağırışlara adekvat cavab vermək olduqca çətindir. Lakin bizim bölgəmizdə sülh hamıdan çox Ermənistana lazımdır” – deyə, C.Feyziyev əlavə edib:
“Biz torpaqlarımızı azad etmişik və öz ərazimizdə suveren hüquqlarımızı tam şəkildə həyata keçirmək əzmindəyik. Ermənistan isə müstəqilliyini elan etdiyi 1991-ci ildən etibarən yalnız işğalçılıq məqsədi güdüb və bütün resurslarını da məhz bu istiqamətdə sərf edib. Nəticə isə Ermənistan üçün olduqca acınacaqlıdır. İşğal etdiyi torpaqları itirən Ermənistan eyni zamanda 44 günlük müharibə ərzində böyük itkilərlə və mənəvi sarsıntılarla üzləşib. Uzun illər bölgədə apardığı destruktiv siyasət ucbatından bu gün Ermənistan bütün dünyadan təcrid olunmuş vəziyyətə düşüb. Ölkədə əhalinin sosial vəziyyəti ən aşağı səviyyədədir, iqtisadiyyat iflic vəziyyətindədir, ölkə əhalisinin xaricə emiqrasiyası sürətlənib. Bu qədər ağır fəsadları aradan qaldırmaq üçün sülh ilk növbədə Ermənistanın özü üçün zəruridir. Ümid edək ki, Ermənistan baş naziri Münxen Təhlükəsizlik Konfransında danışılanlardan nəticə çıxaracaq və nəhayət ki, ölkələrimiz arasında sülh müqaviləsinin imzalanmasına alternativin olmadığını anlayacaq”.
Deputat bildirib ki, Ermənistan hələ də öz müstəqilliyini təmin etməyib və müstəqil beynəlxalq siyasət aparmaq iqtidarında deyil.
“Başına gələn bütün bəlaların da ilkin səbəbi də elə budur. Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonrakı 200 il ərzində məhz başqa güc mərkəzlərinin əlində oyuncaq kimi istifadə olunub. Müstəqil dövləti və dövlətçilik ənənələri heç vaxt olmayıb. Bu gün də Ermənistan beynəlxalq siyasətdə öz prioritetlərini müstəqil şəkildə müəyyənləşdirməkdə acizdir. Lakin tarix ən böyük müəllimdir. Ermənistan tarixdən ibrət götürərək bütün dövlətlərlə, ilk növbədə qonşu dövlətlərlə münasibətlərini öz xalqının milli maraqları çərçivəsində və sivil yaşam qaydalarına uyğun şəkildə qurmalıdır. Bu həqiqəti dərk etməsə erməni xalqı bu gün üçün malik olduğu simvolik dövlətçiliyini də itirə bilər”.
Qeyd edək ki, Xatırldaq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qatıldığı Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda iştirak və çıxış edib. Konfrans çərçivəsində Münxendə Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.