Buraxılış imtahanlarında ən yüksək bal toplayan abituriyent uğurunun sirrindən 1news.az-a danışdı - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Açıqlanan nəticələrə görə, buraxılış imtahanlarında ən yüksək nəticə 297 bal olub. Bu yüksək nəticəni Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Arif Hacıyev toplayıb.
Bu il keçirilən buraxılış imtahanında ən yüksək bal toplayan Arif Hacıyev 1news.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- İlk olaraq, sizi tanıyaq...
- Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinfində oxuyuram. Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 297 bal toplamışam. Bütün müəllimlərimə minnətdarlığımı bildirirəm, mənim üstümdə əziyyətləri böyükdür.
- Bu nəticəni toplayacağınızı düşünürdünüz?
- Özümə inanırdım ki, yüksək nəticə əldə edəcəyəm. Çox sevincliyəm. Keçirilən sınaq imtahanlarında da 290-dan yüksək bal toplayırdım. Sınaq imtahanlarında iştirak edəndən sonra öz səhlərini, boşluqlarını görə bilirsən. Həmin səhvlər üzərində işləyib daha yaxşı nəticə əldə etmək olur.
- İmtahanların ikinci mərhələsində də ən yüksək nəticəni əldə edəcəyinizə inanırsınız?
- Növbəti imtahanlarda da yüksək nəticə əldə etmək üçün hazırlaşmağa davam edirəm. İnşallah blok imtahanlarında da ən yüksək nəticəni göstərməyə çalışacağam. Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olmaq istərəm.
- Uğurunuzun sirrini nədədir?
- Düşünürəm ki, uğurumun sirri imtahana çox ciddi şəkildə hazırlaşmaq idi. İmtahanlara hazırlaşarkən vaxt bölgüsü vacibdir, eyni zamanda hazırlaşacağınız yeri də seçməlisiniz, doğru yerdə hazırlaşasınız. Mən özüm Prestij-s tədris mərkəzində hazırlaşmışam. Mənim üzərimdə müəllimlərimin əziyyəti böyük olub. Özüm də dərslərə hazırlaşanda vaxt bölgüsünə üstünlük verirdim. Müəyyən etdiyim vaxtda dərslərimi bitirib mütaliə ilə məşğul oluram. 6-cı 7-ci siniflərdə olimpiadalarda da iştirak etmişəm, amma təəssüf ki, o zaman ilk 3 yerdən heç birini tutmamışdım. Ancaq yarımfinala qədər gəlib çıxa bilmişdim.
- Bəzən universitetə hazırlaşanlar özlərinə, istirahətə vaxt ayırmırlar, bəs siz necə, istirahətə vaxt ayıra bilirdiniz?
- İstirahət lazımdır. Ancaq bu istirahət vaxtını telefonda, komputerdə sosial şəbəkələrdə keçirmək lazım deyil. Açıq havada gəzib, normal yuxu almaq lazmdır ki, dərslərdə yaxşı beyninizə girsin. Əyləncəyə də vaxt ayırmaq faydalı olur, amma hərşey qədərində olmalıdır. Telefonla məşğul olmaq adamın beynini yorur.
- Repetitor yanına getmədən yüksək nəticə əldə etmək mümkündür?
- Mənim fikrimcə repetitor yanına getmədən yüksək nəticə toplamaq qəliz olur. Bunu bacarmaq üçün gərək güclü iradən olsun. Bizə doğru yolu müəllimlər göstərirlər. Necə istiqamətdə irəliləyək, hansı mövzulara daha çox diqqət ayıraq, imtahanlarda nələr etsək daha yaxşı olar və s. məsələlərdə bizə kömək olurlar. Müəllimlərin nəzarət etməsi məsləhətdir ki, yaxşı nəticə əldə olunsun. Müəllimin nəzarəti olanda insan daha da məsuliyyətli olur.Repetitorun yanına gedəndə də əminsən ki, verdiyin bütün sualları, çətinliklərə cavab verəcək. Məktəbdə hər il ayrı proqram olur, ancaq repetitor yanında keçilən bütün mövzuları təkrarlamaq imkanı olur. Repetitorun köməyi ilə mövzuları təkrar edib, öz biliyinizi möhkəmləndirə bilərsiniz.