“Ermənistan siyasi rəhbərliyi unutmasın ki, müzəffər ali baş komandanın da səbrinin bir həddi var” - Deputat
“11 Apreldə Ermənistan silahlı qüvvələrinin törətdiyi silahlı hərbi insident gözlənilən idi”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın 11 Aprel tarixində törətdiyi təxribatlarla bağlı 1news.az-a açıqlamasında deyib.
“Bu proqnozları şərtləndirən bir sıra amillər var. Birinci amil onunla bağlı idi ki, sülh müqaviləsi imzalanması istiqamətində 2023-cü ildə ciddi irəliləyişlərin olması ehtimalı var idi. Ermənistan baş nazirinin atdığı istənilən addımını revanşistlər ölkə daxilində bir satqınlıq əməli kimi qiymətləndirirlər. Həm də hazırda Paşinyanı ən çox düşündürən siyasi hakimiyyətini qoruyub saxlamaqdır. Paşinyan düşünür ki, Azərbaycanla sülh müqaviləsi imzalasa, hakimiyyətini çox ciddi problemlərlə üz-üzə qoya bilər. Buna görə də Paşinyan üçün ən azından hazırda sülh müqaviləsi lazım deyil. Vaxtı uzatmaq onun əsas niyyətidir. Həm də Ermənistanda Paşinyana yaxın olan kütləvi informasiya vasitələri belə bir məlumat yaymışdılar ki, yaxın zamanda Vaşinqtonda Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü olacaq. Deməli, Paşinyan bu görüşdə fundamental məsələlərin və sülhə aparıb çıxaraq məsələlərin müzakirəsinə maraqlı deyil. Buna görə də belə hərbi aventura və təxribatlara imza atdıqda ya Vaşinqton görüşü baş tutmur, ya da baş tutacağı təqdirdə isə müzakirə olunan məsələlər köklü məsələlər olmur. O məsələlər olur ki, atəşkəsə əməl edin, gərginlik ocağı yaratmayın. Nəticə etibarilə sülh müqaviləsinin imzalanmasını hələ ki şərtləndirmir”.
Deputat qeyd edib ki, indiki halda Ermənistanın belə ürəkli olması həm də onunla bağlıdır ki, Ermənistan İrandan sözün həqiqi mənasında yüksək səviyyədə dəstək alır.
“Bu dəfəki hərbi təxribatında ilk dəfədir ki, “PUA”lardan istifadə edib. “PUA”lar da “made in İran” istehsalı “PUA”lardır. Həm də İran Ermənistanın hərbi təxribatı zamanı Ermənistan və Azərbaycan sərhədi boyunca “PUA”lar kəşfiyyat uçuşları həyata keçirib. Həmin kəşfiyyat uçuşlarından əldə edilmiş materiallar yəqin ki, Ermənistan tərəfinə ötürülüb. Yəni İranın dəstəyi Ermənistanı ruhlandırır. Bizim gəldiyimiz nəticə budur.
Bundan əlavə də, iki il müddətinə Avropa İttifaqının 100 nəfərdən ibarət siyasi-hərbi missiyası Ermənistandadır. Necə ola bilər ki, onları gözü qarşısında Ermənistan belə hərbi təxribata imza atıb? Deməli, burada Avropa İttifaqının da xeyir-duası var. Onlar ən azından kənar müşahidəçi statusunda prosesləri izləyir və birbaşa və ya dolasıyla Ermənistanın bu hərəkətinə haqq qazandırırlar. Bəlkə də söz veriblər ki, hadisələrlə bağlı hesabatı Ermənistanın müdafiə istiqamətində təxirə salacaqlar. Yəni azından Avropa İttifaqı Ermənistanın bu təxribatı ilə bağlı önləyici addımlar ata bilərdi, amma atmadı. Ona görə də qənaətimiz belədir ki, baş vermiş hərbi insidentə görə birbaşa məsuliyyət Ermənistan və onun siyasi-hərbi rəhbərliyini üzərinə düşür. İkinci məsuliyyət Ermənistanı açıq və birmənalı şəkildə dəstəklədiynə görə İran İslam Respublikasının üzərinə düşür. Bir də məsuliyyət Avropa İttifaqının üzərinə düşür. Avropa İttifaqı isə açıq və gizli şəkildə faktiki Ermənistanı bu prosesdə dəstəkləmiş olur”.
E.Nəsirov son olaraq Ermənistan yenə də strateji səhvə yol verdiyini söyləyib.
“Ermənistan siyasi rəhbərliyi və onun havadarları unutmasınlar ki, müzəffər ali baş komandan və onun rəhbərlik etdiyi yenilməz ordunun da səbrinin bir həddi-hüdudu var. Dəmir yumruq yerindədir və bir az da möhkəmlənib!”
Xatırladaq ki, Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.